Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Bazar ertəsi Rabitə üzrə Azərbaycan-İordaniya İşçi Qruplarının 1-ci İclası keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın İordaniyadakı səfirliyində məlumat veriblər.
Toplantının açılış mərasimində İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları Naziri Bassim Al Rossan iştirak edərək Azərbaycan nümayəndə heyətini salamlamış və rabitə sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdir. Nazir Bassim Al Rossan iki ölkə arasında əlaəqələrin inkişaf etdirilməsi üçün hər cür köməklik göstərəcəyinə əmin etmişdir. Görüşdə iştirak edən Səfir E. Araslı iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edərək bu sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi üçün İşçi Qruplarının iclasının mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.
İşçi Qruplarının Azərbaycan tərəfindən sədri Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin Direktoru Sevda Abdullayeva nümayəndə heyətinə göstərdiyi qayğıya görə Bassim Al Rossana təşəkkürünü bildirmiş və cənab Əli Abbasovun salamlarını çatdırmışdır.
Elə həmin gün İşçi Qruplarının 1-ci iclası öz işinə başlamış və rabitə sahəsində əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılmışdır. Hər iki tərəf nazirliklər arasında təcrübə mübadiləsi, yüksək texnologiyalar sahəsində və poçt sahəsində əməkdaşlıq, statistik məlumatların mübadiləsi, rəqəmsal yayım üzrə texniki əməkdaşlıq, İKT sahəsində iki ölkənin iş adamlarından ibarət Biznes Forumun keçirilməsi, 2012-ci ilin oktyabr ayında Əmmanda keçiriləcək İKT Forumunda və 2012-ci ilin noyabr ayında Bakıda keçiriləcək BAKUTEL 2012 Forum və Sərgisində qarşılıqlı olaraq yüksək nümayəndə heyətlərinin iştirakına dair razılığa gəlinmişdir.