...

Pakistanda 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş seminar keçirilib

Siyasət Materials 19 Yanvar 2012 14:26 (UTC +04:00)
Pakistanın Preston Universitetində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş "20 Yanvar-Azərbaycan tarixinin dönüş nöqtəsi" adlı seminar keçirilib.
Pakistanda 20 Yanvar faciəsinin ildönümünə həsr edilmiş seminar keçirilib

Azərbaycan, Bakı, 19 yanvar / Trend müxbir M.Əliyev/

Pakistanın Preston Universitetində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr edilmiş "20 Yanvar-Azərbaycan tarixinin dönüş nöqtəsi" adlı seminar keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunduqdan sonra səfir Daşqın Şikarov 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr barədə geniş məlumat verib. O, Sovet İttifaqında cərəyan edən hadisələrdən erməni millətçilərinin sui-istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ əyalətinin Ermənistana birləşdirmək niyyətində olduqlarını və bu məkrli istəklərini həyata keçirtmək üçün ölkə rəhbəri Mixail Qorbaçovun dəstəyini aldıqlarını bildirib. Daha sonra o, Azərbaycan xalqının buna etiraz əlaməti olaraq, xalq hərəkatına qalxdığını mərasim iştirakçılarının nəzərinə çatdırıb.

Preston Universitetinin rektoru, doktor Abdul Basit çıxışında "Human Rights Watch" təşkilatının qeydlərindən sitat gətirərək vurğulayıb ki, Sovet rejimi 20 Yanvar qırğınını törətməklə bütün SSRİ-dəki milli-azadlıq hərəkatlarına dərs vermək fikrində idi.

Tanınmış alim, Müasir Dillər Universitetinin Professoru, səfir Amir A.Şadani öz çıxışında SSRİ rəhbərliyinin 20 Yanvar qırğınını törətməklə Azərbaycan xalqının azadlıq arzusunu boğmağa çalışdığını, amma buna nail ola bilmədiyini vurğulayıb.

Tədbir zamanı nümayiş etdirilən 20 Yanvar qırğınına dair qısametrajlı film tədbir iştirakçılarında dərin təəssürat oyadıb.

Tədbirdə Preston, Müasir Dillər, Milli Müdafiə, Qaide Azam, ZAB universitetlərinin, Diplomatik Akademiyanın rəhbər və müəllim heyəti, Pakistan ordusunun ehtiyatda olan yüksək rütbəli zabitləri, Pakistanda akkreditə olunmuş diplomatlar, ölkənin tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti