...

AŞ PA-nın yeni prezidenti seçilib

Siyasət Materials 23 Yanvar 2012 15:07 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə başlayan qış plenar sessiyasının açılışında Fransanın AŞ PA-da nümayəndə heyətinin sədri Jan-Klod Minyon (Jean-Claude Mignon) iki il müddətinə qurumun yeni prezidenti seçilib.
AŞ PA-nın yeni prezidenti seçilib

Fransa, Strasburq, 23 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə başlayan qış plenar sessiyasının açılışında Fransanın AŞ PA-da nümayəndə heyətinin sədri Jan-Klod Minyon (Jean-Claude Mignon) iki il müddətinə qurumun yeni prezidenti seçilib.

Prosedura görə, qış sessiyasında AŞ PA prezidenti ilə yanaşı, vitse-prezidentlər də seçilib.

AŞ PA prezidentliyinə Jan-Klod Minyonun namizədliyi qurumda təmsil olunan Avropa Xalq Partiyası siyasi qrupu tərəfindən irəli sürülmüşdü. O, AŞ PA-nın Monitorinq, Siyasi və İnstitusional məsələlər komitələrinin üzvü, eləcə də qurumun 1-ci vitse-prezidenti və Büro üzvü olub. Minyon 1993-cü ildən AŞ PA-nın üzvüdür.

Keçmiş müəssisə rəhbəri olan Jan-Klod Minyon 1950-ci il fevralın 2-də anadan olub. Əvvəllər Respublika Naminə Birlik (RPR) partiyasının üzvü olan fransalı deputat 2007-ci ildən Xalq Hərəkatı Naminə Birlik (UMP) partiyasının üzvüdür. 1988-ci ildən Fransa Milli Assambleyasının deputatı olan Minyon parlamentin Xarici əlaqələr və Avropa məsələləri komissiyalarının üzvüdür. O, 2007-ci ildən Fransanın AŞ PA-da nümayəndə heyətinin sədridir. Sen et Marn (Seine et Marne) seçki dairəsindən Fransa Milli Assambleyasının deputatı seçilib.

Qeyd edək ki, Avropa Xalq Partiyasının qurumun payız sessiyası çərçivəsində 2011-ci il oktyabrın 3-də keçirilən iclasında sözügedən siyasi qrup tərəfindən Jan-Klod Minyonun AŞ PA prezidentliyinə namizədliyi irəli sürülmüşdü.

Fransalı millət vəkili qeyd etmişdi ki, AŞ PA prezidenti seçiləcəyi təqdirdə, onun əsas ambisiyası Assambleyanı siyasi planda daha ciddi və görünəkli, eləcə də sərgilədiyi mövqelərinə daha bağlı olmasına çalışmaq və davamlılığını təmin etmək olacaq.

Xatırladaq ki, AŞ PA-nın səlahiyyət müddəti başa çatan prezidenti Mövlud Çavuşoğlu bu vəzifəyə 2010-cu ilin yanvar ayında iki il müddətinə seçilmişdi.

AŞ PA prezidentliyinə namizəd qurumda təmsil olunan siyasi qruplar arasında əldə edilmiş razılığa əsasən, rotasiya şəklində irəli sürülür. Bu seçkilərdə AŞ PA prezidentliyi postunu tutmaq növbəsi fransalı deputatın da üzvü olduğu Avropa Xalq Partiyasının idi.

AŞ PA sədri bu posta iki il müddətinə seçilir.

Xəbər lenti

Xəbər lenti