Azərbaycan, Bakı, 24 yanvar / Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/
Düşüncəsiz qərarlara və böhrana şərait yaratmağa görə məsuliyyət Aİ-nin üzərinə düşür. Bu barədə İranın Xarici İşlər Nazirliyinin Aİ-nin bu ölkəyə qarşı qəbul etdiyi neft embarqosu ilə əlaqədar bəyanatında deyilir. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər verir.
"İrana qarşı neft embarqosu irrasional və sübutsuz addımdır. İranın digər ölkələrlə əlaqələri üçün əsas şərt qanun və beynəlxalq hüquqdur. İranın nüvə proqramı tamamilə şəffafdır, dinc xarakter daşıyır və beynəlxalq hüquq çərçivəsindədir", - XİN-in bəyanatında deyilir.
Bazar ertəsi Aİ-nin 27 ölkəsinin XİN başçıları Brüsseldəki görüş zamanı İrandan neft idxalına embarqonun tətbiqini təsdiqləyiblər. Bu barədə Aİ Şurasının mətbuat xidməti xəbər verir.
Aİ ölkələrinin İrandan neft və neft məhsulları ixracına qadağanı nəzərdə tutan yeni sanksiyalar paketi çərçivəsində iyulun 1-dək Aİ-nin bütün üzvləri İrandan neft idxalını tam dayandırmalıdırlar.