Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/
Ermənistandan deportasiyaya məruz qalan azərbaycanlıların hüquqları tanınmalıdır. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasından sədr müavini, icra katibi Əli Əhmədov Milli Məclisin çərşənbə günü keçirilən iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu il azərbaycanlıların Ermənistandan deportasiyasından 65 il ötür.
"Bu deportasiya ilə Ermənistan tək milliyətli xalqin formalaşmasına nail olub", - o deyib.
Əhmədov bildirib ki, Stalin rejimi zamanı deportasiyaya məruz qalmış xalqların hamısına bəraət qazanılıb, hüquqları bərpa olunub, yeganə olaraq azərbaycanlılar öz doğma yurdlarına qayıda bilməyiblər. "Ermənistandan deportasiyaya məruz qalan azərbaycanlıların hüquqları tanınmalıdır. Milli Məclis də deportasiya nəticəsində 10 minlərlə insanın həlak olması, böyük bir mədəniyyətin məhv olması ilə nəticələnən deportasiyaya öz münasibətini bildirməlidir", - YAP-ın sədr müavini deyib.
XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1948-1956, 1987-1988-ci illər üzrə dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan SSR qurulduqdan sonra burada azərbaycanlıların yaşadığı 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyiblər. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.