Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisinin yaz sessiyasında müzakirəyə çıxarılacaq "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi təklif olunacaq. Bu barədə Trend-ə cümə günü deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
"Mən bu təkliflə çıxış edəcəm. Hərbi qulluqçulara dövlət qulluqçusu statusu veriləcəyi təqdirdə onların təminatı məsələsində xeyli fərqli yanaşma olacaq", - millət vəkili deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycanda qəbul olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanundan sonra başlıca tələblərdən biri hərbi qulluqçuların statusu ilə bağlı bir sıra məsələlərə baxılmasıdır.
Millət vəkili deyib ki, ölkənin hərbi quruculuğunun əsasında dayanan mühüm siyasət məhz hərbi sahədə çalışanların statusunun müəyyənləşməsi, onların hüquq və vəzifələri, sosial təminatı məsələləridir.
"Hərbi sənaye imkanları yarandıqca, texniki baza formalaşdıqca, xarici əlaqələr yaranan şəraitdə hərbiçilərin peşəkarlığı və təminatı məsələsi aktuallaşır. Hərbi qulluqçuların Azərbaycanın artan iqtisadi imkanları fonunda təminatlarını genişləndirmək, onların statusunu müəyyənləşdirmək çox önəmli məsələdir", - Oruc deyib.
Millət vəkili qeyd edib ki, "Hərbi qulluqçuların statusu haqqında" qanunun qəbulu Azərbaycanda peşəkar hərbiçi vəzifəsinə yiyələnmək istəyən insanlar üçün mühüm stimul yaradacaq.
"Onların digər vəzifə və hüquqları ilə bağlı məsələlərdə beynəlxalq praktikada özünü göstərən mühüm ali dəyərlər, prinsiplər bu qanunda öz əksini tapmalıdır", - Oruc vurğulayıb.