...

İranda parlament seçkilərində beş mühafizəkar qrup yarışacaq

Siyasət Materials 9 Fevral 2012 14:29 (UTC +04:00)
İranda 2012-ci il martın 2-də keçiriləcək IX çağırış parlament seçkiləri yaxınlaşdıqca hakim Üsulgəra (mühafizəkarlar) düşərgəsi daxilində ixtilaflar artıb və bu düşərgənin daxilindən müxtəlif qruplar parlament seçkilərinə paytaxt Tehrandan beş ayrı siyahı təqdim edərək qatılacaqlarını elan ediblər.
İranda parlament seçkilərində beş mühafizəkar qrup yarışacaq

Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir T.Cəfərov /

İranda 2012-ci il martın 2-də keçiriləcək IX çağırış parlament seçkiləri yaxınlaşdıqca hakim Üsulgəra (mühafizəkarlar) düşərgəsi daxilində ixtilaflar artıb və bu düşərgənin daxilindən müxtəlif qruplar parlament seçkilərinə paytaxt Tehrandan beş ayrı siyahı təqdim edərək qatılacaqlarını elan ediblər.

İranda keçiriləcək qarşıdakı seçkilərdə əsas rəqiblər İslahatçılar və Mühafizəkarlar (Üsulgəralar) düşərgələridir. Lakin İranın müxalifyönlü KİV-lərinin məlumatına əsasən, İslahatçılar düşərgəsindən bəzi partiyalar, qruplar və şəxslər seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.

İran KIV-lərinin məlumatına görə, Mühafizəkarlar isə təkcə paytaxt Tehrandan Ayətullah Məhəmmədrza Məhdəvi Keninin başçılığı ilə "Üsülgəraların Vahid Cəbhəsi" , Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin başçılığı ilə "İslam İnqilabının Sabitliyi Cəbhəsi", Möhsin Rzayinin başçılığı ilə "Müqavimət Cəbhəsi", Əli Mütəhhərinin başçılığı ilə "Xalqın səsi" və Şəhabəddin Sədrin başçılığı ilə "Anlayış və Oyanış" cəbhələri yaradaraq gələcək parlament seçkilərində iştirak edəcəklərini bildiriblər.

"Üsülgəraların Vahid Cəbhəsi"

Bu cəbhəyə İranın Ekspertlər Şurasının hazırkı sədri və Üsulgəralar düşərgəsinin ən önəmli partiyalarından olan Mübariz Ruhanilər Birliyinin baş katibi ayətullah Məhəmmədrza Məhdəvi Keni başçılıq edir.

"Üsulgəraların Vahid Cəbhəsi" gələcək parlament seçkilərində mühafizakarların ən önəmli qrupu hesab olunur. Onlar Tehrandan gələcək seçkilərə 30 nəfərlik siyahı təqdim ediblər. Bu cəbhənin siyahısına bəzi ənənəvi mühafizəkarlar daxil edilməyib.

Hazırkı parlament nümayəndələrindən olan Əli Mütəhhəri, Həmidrza Katuziyan, Əli Abbaspur və başqaları bu cəbhənin siyahısında yer almayan tanınmış şəxslərdirlər.

Prezident Mahmud Əhmədinejada yaxın saytların məlumatına əsasən, mühafizakarların önəmli cəbhəsindən olan "Üsulgəraların Vahid Cəbhəsi"nin daxilində gələcək parlamentin spiker kürsüsü uğrunda ixtilaflar mövcuddur. Bəziləri sabiq spiker Həddad Adilin seçkilərdən sonra yenidən spiker olması üçün çalışırlar, digər qrup ənənəvi mühafizakarlar isə Əli Laricaninin yenidən spiker olmasının tərəfdarıdırlar.

"İslam İnqilabının Sabitliyi Cəbhəsi"

Bu siyasi cəbhə 2011-ci ildə təsis olunub. Bu cəbhəyə bir qrup mühafizəkarlar və Əhmədinejad hökumətində bundan öncə çalışmış nazirlər və rəsmilər üzvdürlər. Bu cəbhənin üzvləri özlərini "Üsülgəraların Vahid Cəbhəsi"ndən ayrı bilir və mühafizəkarlıq ideologiyasına sadiq olduqlarını elan edirlər.

Bu cəbhənin üzvlərinin bəziləri ilə "Üsülgəraların Vahid Cəbhəsi"nin üzvləri arasında çox ciddi fikir ayrılıqları var və onlar bir-birlərini İslam İnqilabının ideologiyasından və yolundan çıxmaqda ittiham edirlər.

"Xalqın səsi" cəbhəsi

Əhmədinejad hökumətini tənqid edən hazırkı parlament nümayəndələri Əli Mütəhhəri, Əli Abbaspur Tehrani və Həmidrza Katuziyan kimi şəxslər "Üsülgəraların Vahid Cəbhəsi"nin siyahısında yer almadıqdan sonra özləri yeni "Xalqın səsi" cəbhəsini yaradaraq müstəqil şəkildə parlament seçkilərində iştirak edəcəklərini bəyan ediblər.

Bu cəbhənin sözçüsü Həmidrza Katuziyan bildirib ki, seçki siyahılarında onlara yer ayırmayan mühafizəkarlarla ciddi rəqabət aparacaqlar.

"Anlayış və Oyanış" cəbhəsi

"Üsülgəraların Vahid Cəbhəsi"nin siyahısında yer almayan İran parlamentinin vitse-spikeri Şəhabəddin Sədr də "Anlayış və Oyanış" cəbhəsini təsis edərək gələcək parlament seçkilərinə qatılacağını elan edib.

Sədr "Anlayış və Oyanış" cəbhəsindən 100 nəfərin parlament seçkilərində namizəd olacağını deyib.

"Müqavimət Cəbhəsi"

"Müqavimət Cəhbəsi"nə İranın Məsləhət Şurasının katibi , Sepah-ın sabiq komandiri və prezidentliyə sabiq namizəd Möhsin Rzayinin tərəfdarları üzvdürlər. Bu cəbhədən 15 nəfərin namizədliyi Tehrandan irəli sürüləcək.

İranda keçiriləcək parlament seçkilərinə ümumilikdə 5283 namizəd qeydiyyatdan keçib. Bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar deyib.

2012-ci il mart ayının 2-də keçiriləcək İranda IX çağırış parlament seçkilərinə namizədlərin qeydiyyatı dekabrın 24-dən 30-dək həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti