Azərbaycan, Bakı, 23 fevral /Trend/
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cümə axşamı Usubov Şahinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycanın daxili işlər naziri ölkələrimiz arasında əlaqələrin inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, bu strateji əməkdaşlıq və qardaşlıq münasibətlərinin getdikcə daha da dərinləşdiyini bildirib. Qeyd olunub ki, Azərbaycanın Daxili İşlər Nazirliyi qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin normativ-hüquqi bazası ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi, təcrübə mübadiləsi, dostluq və strateji əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi barədə dövlətlərarası müqavilələrə əsaslanır.
Ramil Usubov bu səfərin əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Türkiyənin daxili işlər naziri İdris Naim Şahin rəsmi dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın hər hansı iki dövlət arasındakı əlaqələrə bənzəmədiyini və onların əkiz qardaşlar olduğunu vurğulayaraq, dost və qardaş ölkələrimizin dünyada və bölgədə daimi sülhün bərqərar edilməsi, əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib.
Qonaq iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini də qeyd edib.
Görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.