...

Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına müdaxiləni qəti şəkildə pisləyir

Siyasət Materials 15 Mart 2012 15:20 (UTC +04:00)
Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən jurnalistin şəxsi həyatına müdaxiləni yolverilməz sayır.
Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına müdaxiləni qəti şəkildə pisləyir

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hakimiyyəti göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən jurnalistin şəxsi həyatına müdaxiləni yolverilməz sayır.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov mətbuata ünvanladığı bəyanatda bildirib.

Aslanov vurğulayıb ki, vətəndaşların şəxsi həyatının qorunması demokratik cəmiyyətlərdə insan hüquq və azadlıqlarının əsas elementidir.

"Azərbaycan Respublikasının Konstitusiyası dilindən, dinindən, etnik mənsubiyyətindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının hüquq və azadlığını təmin edir, onu şəxsi və ailə həyatına olan qeyri-qanuni müdaxilələrdən qoruyur. Biz bu videogörüntünün yayılmasını Azərbaycanda sabitliyi pozmağa cəhd edən, ölkənin beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi qəbul edirik", - bəyanatda deyilir.

O bildirib ki, hazırda məsələni araşdıran Azərbaycan Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əllərindən gələni edəcək.

"Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına olmuş bu müdaxiləni qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır", - Aslanov vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın internet məkanında "Azadlıq Radiosu"nun Azərbaycan bürosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatına aid videogörüntülər yayılıb.

Xəbər lenti

Xəbər lenti