...

Qırğızıstan Prezidenti İçərişəhərlə tanış olub (FOTO)

Siyasət Materials 31 Mart 2012 17:55 (UTC +04:00)
Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva martın 31-də İçərişəhərlə tanış olmuşlar.
Qırğızıstan Prezidenti İçərişəhərlə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 31 mart /Trend/

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva martın 31-də İçərişəhərlə tanış olmuşlar.

Trend-in məlumatına görə, əvvəlcə ali qonağa Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız Qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız Qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Qırğızıstan Prezidentinin böyük marağına səbəb olmuşdur.

Elektromobillə gəzinti zamanı ali qonağa və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Almazbek Atambayev və xanımı təndir çörəyinə qonaq edilmişlər.
Sonra qonaq tanınmış rəssam Əli Şəmsinin emalatxanasında olmuş və onun çəkdiyi rəsmlərə baxmışdır. Rəssam ali qonağa xatirə hədiyyəsi təqdim etmişdir.

Gəzinti zamanı Qırğız Respublikasının Prezidenti ortа əsr Şərq mеmаrlığının şаh əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günə qədər öz tarixi-memarlıq əhəmiyyətini sахlаmаqdаdır.

Ali qonaq tanınmış kinorejissor Leonid Qaydayın ekranlaşdırdığı "Brilyant əl" kinokomediyasının ən maraqlı epizodlarının ekranlaşdırıldığı İçərişəhərdəki küçədə xatirə şəkli çəkdirmişdir.

İçərişəhərlə tanışlıq zamanı Almazbek Atambayev Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Bakı, mən səni sevirəm" kinolayihəsinin prodüserlərindən biri, Rusiyanın məşhur kinorejissoru Yeqor Konçalovski ilə görüşmüşdür.

Ali qonağa məlumat verilmişdir ki, "Bakı, mən səni sevirəm" kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır.

Dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi ilə tanışlıq da böyük maraq doğurmuşdur.

Daha sonra Almazbek Atambayev Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda çay süfrəsinə qonaq edilmişdir.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim olunmuşdur.

Xəbər lenti

Xəbər lenti