...

AŞ PA Monitorinq Komitəsində Azərbaycanla bağlı sənəd qəbul edilib

Siyasət Materials 24 Aprel 2012 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Strasburqda AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycanın öhdəlik və vəzifələrinin icrasına dair məlumat sənədi müzakirə olunaraq qəbul edilib.

Bu barədə çərşənbə axşamı Trend-ə AŞ PA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanov məlumat verib.

İclasda Elxan Süleymanov həmməruzəçilərin hazırladığı məlumat sənədini hərtərəfli və Azərbaycan cəmiyyətindəki mövcud mövqeləri özündə əks etdirən sənəd kimi qiymətləndirib.

Onun sözlərinə görə, həmməruzəçilər sənəddə konkret məsələlərlə bağlı öz narahatlıqlarını bildirməklə bərabər, həmin sahələrdə indiyədək əldə edilmiş irəliləyişləri də göstərməyə çalışıblar və vəziyyəti yaxşılaşdırmaq üçün həyata keçiriləcək mümkün tədbirlər barədə hakimiyyət orqanları ilə müzakirə aparmağın zəruriliyini vurğulayıblar.

Millət vəkili bildirib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrex 31 yanvar - 2 fevral 2012-ci il tarixdə ölkəmizə faktaraşdırıcı missiya ilə səfər ediblər. Həmməruzəçilər səfər zamanı ədliyyə naziri, baş prokuror, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, Milli Məclisin sədri, ombudsman, Milli Məclisdə təmsil olunan partiyaların rəhəbrləri ilə görüşlər keçiriblər. Onlar qaçqınlar və məcburi köçkünlərin qaldığı qaçqın düşərgəsinə baş çəkib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini ilə fikir mübadiləsi aparıblar.

Həmməruzəçilər səfər zamanı, həmçinin bir sıra QHT və media nümayəndələri, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının rəhbərləri ilə görüşərək müzakirələr aparıblar.

Həmməruzəçilər Azərbaycana faktaraşdırıcı səfərlərinin nəticələrinə dair məlumat qeydi adlı sənəd hazırlayaraq Monitorinq Komitəsinə təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti