...

Vaşinqtonda Azərbaycan nümayəndə heyətinin şərəfinə işçi nahar təşkil edilib (FOTO)

Siyasət Materials 27 Aprel 2012 11:55 (UTC +04:00)
Vaşinqtonda “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransı çərçivəsində işçi nahar təşkil edilib.
Vaşinqtonda Azərbaycan nümayəndə heyətinin şərəfinə işçi nahar təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Vaşinqtonda "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransı çərçivəsində işçi nahar təşkil edilib.

Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətindən Trend-ə verilən məlumata görə, işçi naharda açılış nitqi ilə çıxış edən Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov ötən 20 il ərzində ölkələr arasında münasibətlərin inkişafı, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr barədə danışıb. 2012-ci il aprelin 18-də baş tutmuş ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının 3-cü iclası çərçivəsində geniş müzakirələr aparıldığını və yekunda aviasiya sahəsində Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran Şərifov çıxışında ABŞ-la Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün imkanların genişləndirilməsinin vacib olduğunu, bu baxımdan "Azadlığa dəstək Aktı"na edilmiş 907-ci düzəlişin strateji münasibətlərin ruhunu əks etdirmədiyini və əməkdaşlığa mane olduğunu bildirib. Nazir eyni zamanda, ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa humanitar yardım ayrılmasının ABŞ-ın rəsmi mövqeyi ilə uzlaşmadığını vurğulayıb. Humanitar məqsədlə ayrılmış yardımın birtərəfli qaydada deyil, məhz Dağlıq Qarabağın azərbaycanlı icmasının da nəzərə alınmasının vacibliyini bildirib.

Nyu Yorku təmsil edən senator Kristen Gillibrand Azərbaycanla münasibətlərin əhəmiyyətindən bəhs edərək, enerji sahəsində əməkdaşlığı xüsusi vurğulayıb, ölkəmizin ABŞ-ın antiterror əməliyyatlarında uğurla iştirak etdiyini nəzərə çatdırıb. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin mühüm nailiyyət olduğunu bildirib və bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, dünyada sülh və əmin-amanlıq naminə yeni-yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Konqresin Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin sədri İleana Ros-Lehtinen Azərbaycanın müsəlman şərq dünyasında ilk demokratik respublika yaradan, insan hüquqları və demokratik prinsiplərin dərin kök saldığı, ABŞ-la eyni dəyərləri paylaşan bir ölkə olduğunu vurğulayıb. Ros-Lehtinen Azərbaycanın ABŞ üçün çox vacib tərəfdaş olduğunu və bu tərəfdaşlığın dərinləşdirilməsinin ABŞ-ın milli maraqlarına uyğun oldunu qeyd edib. O, Azərbaycanın hazırda Əfqanıstan əməliyyatda, əvvəl isə İraqdakı əməliyyatlarda ABŞ üçün həyati töhfələr verdiyini vurğulayıb. Ros-Lehtinen Azərbaycanın yerləşdiyi həssas coğrafi məkanın, onun qlobal enerji təhlükəsizliyinə töhfələrini və ABŞ-la ortaq dəyərləri paylaşdığı nəzərə alaraq, ikitərəfli əməkdaşlığın böyük perspektivlərinin olduğunu bildirib. O, Konqresdə ABŞ-Azərbaycan tərəfdaşlığının inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini deyib.

Missisipi ştatının sabiq qubernatoru Heyli Barbur Missisipi ştatının enerji təcrübəsindən danışaraq, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin Missisipiyə səfər etdiyini xatırladıb.

Daha sonra nazir Şərifov, Konqresin üzvləri xanım Ros-Lehtinen və xanım Jean Schmidt, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkələr arasında dostluq və tərəfdaşlığın şərəfinə badə qaldırıblar.

Xəbər lenti

Xəbər lenti