Azərbaycan, Bakı, 2 may /Trend/
ABŞ-ın Missuri ştatının San Luis şəhərində yerləşən Corc Vaşinqton Universitetində Cənubi Qafqaz regionundakı münaqişələr və onların həlli yolları mövzusunda Konfrans keçirilmişdir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə bildirilib ki, konfrans Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Corc Vaşinqton Universitetinin Yeni Sosial Elmlər Mərkəzi, Beynəlxalq və Regional Araşdırmalar Proqramı, Avrasiya Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Professor Ceyms Vertşin moderatorluq etdiyi konfransda SAM-ın araşdırmacısı Rauf Qaragözov, Gürcüstanın İvan Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin Humanitar məsələlər fakültəsinin professoru, UNESCO-nun Mədəniyyətlərarası Dialoq Komitəsinin sədri Nino Çikovani və Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan çıxış etmişlər. Konfransda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak etmişdir.
Konfrans iştirakçıları Cənubi Qafqaz regionunun gələcək inkişafı və beynəlxalq sistemə inteqrasiyasının təmini üçün regiondakı mövcud münaqişələrin, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildirmişlər.