Azərbaycan, Bakı, 8 may /Trend/
Bu gün Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib. Mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prokurorluğunun Tarix Muzeyinin Heydər Əliyevə həsr edilmiş zalında keçirilən mərasimdə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov xüsusi olaraq diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz bağlıdır.
Müstəqilliyimizin xilaskarı və yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olub ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradib və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlayın, dövlətçiliyimiz üçün məhvolma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlığı formalaşdırıb, daha sonra Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirib.
Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarıb və gələcəyə olan ümidlərini artırıb. Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olub, qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyulub, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilib. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla sabitliyə nail olunub, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlər aradan qaldırılmaqla kriminogen durum stabilləşdirilib.
Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılıb. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqavilələrinin imzalanması və digər mühüm layihələrin gerçəkləşdirilməsi təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılıb, genişmiqyaslı özəlləşdirmə proqramları həyata keçirilib, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım tendensiyasının qarşısı alınıb, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, eyni zamanda, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-2003-cü illər ərzində Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm işlər görülməklə, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılıb. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulub. Hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. Azərbaycan Prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni inkişaf və təkmilləşmə dövrünün əsasını qoyan "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq olunmasının, korrupsiyaya qarşı ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin tamamilə yeni müstəviyə qaldırılmaqla, strukturunun və iş metodlarının təkmilləşdirilməsi və bu quruma əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsinin əhəmiyyəti qeyd edilib.
Mərasimdə vurğulanıb ki, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü dövlətçilik siyasəti, ümummilli lider Heydər Əliyevin əziz və unudulmaz xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf kursunun reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Belə ki, bütövlükdə Azərbaycanın və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunub, sivil dövlət və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılıb, analoqu olmayan iqtisadi inkişaf göstəricilərinə nail olan ölkəmizin dünya dövlətləri birliyinə inteqrasiyası prosesi sürətlənib, milli maraqlarımıza uyğun olan iqtisadi layihələrin reallaşdırılması təmin edilib. Son illər ərzində ciddi və yüksələn xətlə inkişafa nail olan Azərbaycan Respublikasında bu müsbət tendensiyalar 2012-ci ildə də eyni intensivliklə davam etməkdədir.
Müstəqil inkişaf tarixinin 20 ili ərzində Azərbaycanda ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyev tərəfindən görülmüş böyük işlərin, dünya dövlətləri birliyində ölkəmizin öz layiqli yerini tutması istiqamətində həyata keçirilən düşünülmüş tədbirlərin nəticəsi kimi, dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycan Respublikasının ən mötəbər beynəlxalq qurumlardan olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və cari ilin may ayının əvvəllərindən Şurada sədrliyi həyata keçirməyə başlaması böyük uğur kimi dəyərləndirilib. Qürur hissi doğuran hal kimi, may ayının 4-də keçirilməklə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr edilmiş BMT-nin Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrlik etməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Çıxışının sonunda Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edib ki, yeni məzmunda təşəkkül tapmasına və mütəmadi olaraq fəaliyyətinin təkmilləşdirilməsinə görə son iyirmi il ərzində ölkəmizdə reallaşdırılan dövlətçilik siyasətinə borclu olan prokurorluğun kollektivi ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqdir və dövlət başçısının ətrafında sıx birləşməklə, bütün səylərini dövlət müstəqilliyimizin və milli maraqlarımızın, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına, cinayətkarlığa qarşı qətiyyətli mübarizənin təmin olunmasına istiqamətləndirəcək.
Mərasimin sonunda ulu öndərin xatirəsinə həsr olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən hazırlanmış "Heydər Əliyev fenomeni" adlı film nümayiş etdirilib.
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib
Bu gün Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mərasim keçirilib.
