Azərbaycan, Bakı, 9 may /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevi təbrik edib.
"Hörmətli Dmitri Anatolyeviç, Rusiya Federasiyası Hökumətinin Sədri vəzifəsinə başlamağınız münasibətilə səmimi təbriklərimi qəbul edin. Dərin tarixi köklərə malik olan Azərbaycan-Rusiya dostluq və mehriban qonşuluq münasibətləri bu gün məqsədyönlü və hərtərəfli şəkildə inkişaf edərək, keyfiyyətcə yeni xarakter almış, strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.
Əminəm ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr, qarşılıqlı faydalı əməkdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Dmitri Medvedevə möhkəm cansağlığı, xoşbəxtlik və dost Rusiyanın tərəqqisi naminə fəaliyyətində yeni uğurlar arzulayıb.