...

Macarıstanda Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 14 May 2012 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Macarıstandakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən Türk İş Adamları Dərnəyi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü münasibətilə Budapeştdə "Şuşanın işğalından 20 il sonra: böyük itkilər və gələcəklə bağlı ümidlər" adlı anım mərasimi keçirib.

Mərasimi giriş sözü ilə açan dərnəyin rəhbəri Osman Şahbaz Azərbaycan torpaqlarının işğal olunmasının təkcə Türkiyədə deyil, dünyanın hər bir ölkəsində yaşayan türklər üçün bir dərd və üzüntü olduğunu vurğulayıb. Macarıstanda sayı bir neçə min nəfərə çatan türk icmasının daim bu problemlə maraqlandığı, qardaş Azərbaycanın həm sevincinə, həm də kədərinə şərik çıxdıqları qeyd olunub.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, meydana çıxma səbəbləri və əsas mərhələləri haqqında ətraflı məlumat verib.

Səfir öz çıxışında münaqişənin nizama salınması istiqamətində atılan addımlardan, beynəlxalq birliyin seyrçi münasibəti nəticəsində hələ də heç bir konkret nəticə verməyən sülh danışıqlarından, Azərbaycandakı məqsədyönlü ordu quruculuğundan ətraflı bəhs edib.

Tədbirdə erməni işğalı nəticəsində Azərbaycana dəyən böyük maddi və mənəvi ziyan - insan tələfatı, əsir və girovlar, xalq təsərrüfatı obyektlərinin və maddi-mədəniyyət abidələrinin dağıdılması və talan olunması barədə konkret fakt və rəqəmlər açıqlanıb.

Macarıstan deputatı, parlamentin Beynəlxalq əlaqələr komitəsi sədrinin müavini Marton Döndöşü Xocalı soyqırımı haqqında təqdim etdikləri qətnamə layihəsinin taleyi barədə məlumat verib.

Mərasimdə türk icmasının və Azərbaycan diasporunun təmsilçiləri, Türkiyə səfirliyinin əməkdaşları, Macarıstan deputatları, macar mətbuatının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti