...

Azərbaycanın "Eurovision 2011"-dəki qələbəsi Avropa üçün qlobal əhəmiyyətə malikdir – səfir

Siyasət Materials 18 May 2012 17:52 (UTC +04:00)
Azərbaycanın "Eurovision 2011" mahnı müsabiqəsindəki qələbəsi həm Azərbaycan, həm də Avropa üçün daha qlobal əhəmiyyətə malikdir.
Azərbaycanın "Eurovision 2011"-dəki qələbəsi Avropa üçün qlobal əhəmiyyətə malikdir – səfir

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın "Eurovision 2011" mahnı müsabiqəsindəki qələbəsi həm Azərbaycan, həm də Avropa üçün daha qlobal əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov Niderlandın "Local Expat" qəzetinə verdiyi müsahibədə bildirib.

"Azərbaycan üçün "Eurovision 2012" onun Avropaya bağlılığını bir daha sübut edir, gələcək nailiyyətlər və qlobal əlaqələrin yeni mərhələsinə keçid üçün həvəsləndirir. Əlbəttə, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqa töhfə verən və onu təşviq edən müstəsna dövlət kimi, müxtəlif mədəniyyət və dinləri təmsil edən insanları Bakıda bir araya gətirmək və onlar arasında ünsiyyət əlaqələrinin yaradılması üçün möhtəşəm fürsət əldə etmiş oldu", - səfir deyib.

İsgəndərov qeyd edib ki, avropalılar üçün bu müsabiqə azərbaycanlıların isti qonaqpərvərliyi, Azərbaycanın qədim tarixi, füsunkar təbiəti, millətin ecazkar şərq mədəniyyəti və sürətlə inkişaf edən müasir dövlətimizlə, Avropanın "Cənub-Şərqi Gözəlliyi" ilə əvəzolunmaz tanışlıq fürsətidir.

Məşhur "Bluemencorso" Gül paradında Azərbaycanın iştirakı barədə danışan İsgəndərov bildirib ki, bu bizim həmin tədbirdə ikinci iştirakımız idi.

"Birinci dəfə 2010-cu ildə paradın əsas mövzusu "Avropaya yol" idi ki, bu da bizim xarici siyasətimizin əsas istiqamətini əks etdirirdi və biz Azərbaycan-Avropa və Azərbaycan-Niderland əlaqələrinə həsr olunmuş gözəl gül kompozisiyası ilə iştirak etmişdik", - o deyib.

Builki Gül paradının mövzusunun "Ünsiyyət" olduğunu bildirən səfir, Heydər Əliyev Fondunun dəstəyi və "Azərbaycanın Holland Dostları Cəmiyyəti" təşkilatçılığı ilə Azərbaycanın "Eurovision 2012" gül kompozisiyasının yaradıldığını, Gül paradının və musiqinin mədəniyyətlərarası dialoq və inteqrasiya naminə müxtəlif millətlərin əlaqəsində ən gözəl yol və vasitə olmasının nümayiş etdirildiyini deyib.

"Bu "Bluemencorso"da Azərbaycanın sivilizasiyalararası dialoqu təşviq edən dövlətlərdən biri kimi təqdim olunmasında bir daha gözəl fürsət idi. Niderlandda bu güllərlə edildi, Azərbaycanda isə "Eurovision 2012"-də səslənəcək musiqi vasitəsilə ediləcək", - o deyib.

Niderlandın Venlo şəhərində keçirilən "Floriade 2012"-də təmsil olunmaq barədə səfir İsgəndərov deyib ki, Azərbaycan hökuməti tərəfindən yalnız əldə olunmuş nailiyyətləri göstərmək üçün deyil, eyni zamanda, Azərbaycanın bu tədbirə ev sahibliyi edən Niderlanda hörmətini nümayiş etdirmək üçün "Floriade 2012"-də iştirak qəbul edilib.

"Floriade 2012"-də Ülyahəzrət Kraliçanı müşayiət etmək şərəfinə nail oldum. Ülyahəzrət yalnız bir neçə milli pavilyonu ziyarət etdi. Mənim üçün böyük şərəfdir ki, onlardan biri də mənim dövlətimin gözəl pavilyonu idi. Ümid edirəm ki, bu, Niderlandla Azərbaycan arasındakı münasibətlərə xüsusi təkan verəcək", - səfir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan pavilyonundakı ekspozisiyanın əsas mövzusu ölkənin çoxmədəniyyətli tarixi və cəmiyyəti, onun qlobal səviyyədə mədəniyyətlərarası dialoqun inkişafına verdiyi güclü dəstəyinə həsr olunmuşdu.

Səfir müsahibəsində bildirib ki, Azərbaycanın çoxmədəniyyətli cəmiyyətə və mədəniyyətlərarası dialoqa bu qədər diqqət yetirməsinin səbəbi ölkədə digər dinlərə, millətlərə və mədəniyyətlərə hörmətlə yanaşan azərbaycanlıların mentalitetindən irəli gəlir.

İsgəndərov qeyd edib ki, hər iki səfirlik ikitərəfli münasibətlərin inkişafı və daha da möhkəmləndirilməsi üçün bir-biriləri ilə sıx qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərir. "Artıq siyasi dialoq başlanılıb. Üç il ərzində Azərbaycan Prezidenti ilə Niderland baş nazirləri (keçmiş və hazırkı) arasında iki dəfə görüş təşkil olunub, eyni zamanda, nazirlər səviyyəsində bir çox görüşlər keçirilib. Niderlandla Azərbaycan arasında ticarət dövrüyyəsi kəskin şəkildə artıb və daha da böyüyür", - o deyib.

Xəbər lenti

Xəbər lenti