...

Gülsel Səfərova: Bəzi beynəlxalq təşkilatlar son zamanlar yalnız qərəzli və ikili standartlara söykənən hesabatlar yayır

Siyasət Materials 24 May 2012 17:51 (UTC +04:00)
"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar tərəfindən son zamanlar yalnız qərəzli və ikili standartlara söykənən hesabatlar ortaya çıxır.
Gülsel Səfərova: Bəzi beynəlxalq təşkilatlar son zamanlar yalnız qərəzli və ikili standartlara söykənən hesabatlar yayır

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar tərəfindən son zamanlar yalnız qərəzli və ikili standartlara söykənən hesabatlar ortaya çıxır. Bu barədə Trend-ə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova bildirib.

Onun sözlərinə görə, son vaxtlar "Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana yalnız mənfi münasibət görsənir və onlar tərəfindən yayılan qərəzli və ikili standartlara söykənən hesabatlar ortaya çıxır.

"Bu gün Azərbaycan inkişaf edir və xeyli uğurlara imza atıb. Lakin digər tərəfdən Azərbaycanın 1 milyon qaçqını var. Təşkilatımız tərəfindən sosial şəbəkələr və digər vasitələrlə onlara sual ünvanlanır ki, nədən Azərbaycanda bir milyon qaçqının hüquqlarının tapdalandığı, Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti həyata keçirdiyi təqdirdə yalnız bir neçə siyasi məsələlərə mənfi reaksiya bildirirlər? Nəyə görə bu təşkilatlar yalnız müxalifətdə olan siyasi partiyaların aksiyalarını yayımlayırlar? Onlar İran səfirliyi qarşısında keçirilən aksiyalara, Azərbaycanın milli maraqlarının təmin olunmasına yönələn məsələlərə yer ayırmırlar", - Səfərova deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycan vətəndaşının hüququnun pozulmasından söhbət gedirsə, İranda edam olunan, haqları tapdalanan azərbaycanlılarla bağlı heç bir hesabat yayılmır.

"Bu onu sübut edir ki, həmin təşkilatlar bir mərkəzdən idarə olunur və həmin mərkəzlərin sifarişlərini yerinə yetirirlər", - təşkilatın sədri bildirib.

Səfərovanın sözlərinə görə, həmin təşkilatlar hazırda Bakıda bütün Avropanın müzakirə etdiyi "Eurovision" yarışmasını kənarda qoyaraq, cüzi sayda müxalifət təmsilçisinin keçirdiyi aksiyanı işıqlandırırlar və bu da onların qərəzli mövqeyini bir daha ortaya qoyur.

Xəbər lenti

Xəbər lenti