...

Milli Məclisin spikeri Avropa Parlamentinin sədrinə etiraz məktubu göndərib

Siyasət Materials 26 May 2012 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Parlamentinin sədri Martin Şultsa etiraz məktubu ünvanlayıb.

"Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə bizim ölkəmizdə təəssüf və narahatlıq hissləri doğurur", - Trend-in məlumatına görə, bu barədə mətbuda deyilir.

Spiker qeyd edir ki, heç bir təzyiqə və çətinliyə baxmadan Azərbaycan demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan hüquqi dövlət quruculuğu yolunu şüurlu surətdə və qəti olaraq seçib.

"Əlbəttə, biz yaxşı başa düşürük ki, bu sahədə müəyyən nöqsanlar vardır. Azərbaycan gənc demokratik ölkədir, demokratiyanın imkanları isə tükənməzdir, demokratik dəyərlər sistemi hər gün daha da zənginləşir, zaman yeni-yeni problemləri qarşıya çıxarır. Əsas məsələ budur ki, müəyyən edilən çatışmazlıqları aradan qaldırmaq üçün məqsədyönlü iş aparılır. Bu sahədə beynəlxalq təşkilatların göstərə biləcəyi köməyin əhəmiyyəti çox böyükdür. Amma bu məsələdə qeyri-obyektivliyə yol verilməsi əsla işin xeyrinə deyildir. Baş verən ayrı-ayrı halları ümumiləşdirərək, Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa, xüsusi məsələləri ümumi inkişaf meyli kimi təqdim etməyə cəhd göstərilməsi məsələlərə birtərəfli yanaşmanı nümayiş etdirir. Bütün bunları nəzərə aldıqda, Avropa Parlamentinin son qətnaməsi ümumi ruhuna və mətninə görə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən işlərin üstündən xətt çəkmək cəhdi kimi qiymətləndirilə bilər", - məktubda deyilir.

Əsədov qeyd edib ki, qətnamənin bu şəkildə qəbul edilməsinin başlıca səbəblərindən biri müzakirələrdə Azərbaycan tərəfinin arqumentlərinin nəzərə alınmaması, dəqiq olmayan və yoxlanılmamış məlumatların əsas götürülməsi ilə bağlı olub.

"Azərbaycana aid məsələnin Avropa Parlamentinin gündəliyinə təcili məsələ kimi daxil edilməsi və qətnamənin az sayda deputatın iştirakı ilə qəbul edilməsi isə bunun qərəzli və ədalətsiz addım olduğunu göstərir", - məktubda deyilir.

Milli Məclis sədri qeyd edib ki, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması vəziyyəti heç də qətnamədə təsvir edildiyi kimi deyildir. Onun sözlərinə görə, ölkədə hər bir şəxsin və siyasi qüvvənin ifadə və toplaşma azadlığı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təmin edilir.

"Xalq arasında heç bir nüfuzu olmayan, siyasi iflasa uğramış bəzi siyasi partiyaların ictimaiyyət tərəfindən dəstəklənməyən qeyri-qanuni aksiyalarının qarşısının alınması demokratiyanın pozulması, insan hüquqlarının tapdalanması kimi qiymətləndirilməməlidir. Hamıya məlumdur ki, Avropanın qabaqcıl dövlətlərində də qanunsuz aksiyaların qarşısını almaq, ictimai asayişi qorumaq üçün qanunla nəzərdə tutulmuş bütün üsullar tətbiq edilir. Qətnamədə siyasi mülahizələrə görə həbsə alındıqları iddia olunan şəxslər siyasi mülahizələrə görə deyil, konkret qanuna zidd əməllərinə görə məhkəmənin qərarı ilə məhkum ediliblər", - məktubda deyilir.

Spiker Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın həmin qüvvələrin təsiri altına düşməsi dərin təəssüf hissi doğurduğunu deyib.

"Biz inanırıq ki, Azərbaycanı hədəfə alan bu cür aksiyalar bizi öz yolumuzdan döndərə bilməyəcək, demokratiyaya, insan hüquqlarına və azadlıqlarına, qanunun aliliyinə inamımızı sarsıtmayacaqdır", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti