Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Tarıverdiyeva/
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya Baş nazirinin müavini, xarici işlər naziri İmon Gilmor gələn həftə Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. O, səfər zamanı ATƏT-in regionda fəaliyyətini müzakirə etmək üçün hökumət və siyasi partiyaların nümayəndələri ilə görüşəcək. Bu barədə Trend çərşənbə günü təşkilatın saytına istinadən məlumat verir.
ATƏT-in sədri Bakıda iyunun 13-14-də olacaq. Məlumatda deyilir ki, İrlandiyanın ATƏT-də sədrliyinin əsas prioritetlərindən biri ATƏT məkanında uzadılmış münaqişələrin davamlı şəkildə nizamlanmasına nail olmaq üçün tərəqqinin təmin edilməsidir.
"Gilmor regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda post-münaqişə vəziyyəti və region ölkələrinin ATƏT ilə əməkdaşlığını müzakirə edəcək", - məlumatda qeyd edilir.
Məlumatda deyilir ki, Gilmor Bakı, Tbilisi və Yerevanda mətbuat konfransı keçirəcək.