...

Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycanın "Kəpəz" yatağı ilə bağlı etirazına cavab verib

Siyasət Materials 19 İyun 2012 12:16 (UTC +04:00)
Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın "Kəpəz" yatağı ilə bağlı etirazına cavab verib.
Türkmənistan Xarici İşlər Nazirliyi Azərbaycanın "Kəpəz" yatağı ilə bağlı etirazına cavab verib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir V.Javoronkova/

Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın "Kəpəz" yatağı ilə bağlı etirazına cavab verib. Bu barədə çərşənbə axşamı Trend-ə Türkmənistanın Azərbaycandakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.

"Hələ 2012-ci il iyunun 16-da rəsmi qaydada Azərbaycan tərəfinə, o cümlədən diplomatik nota yolu ilə Azərbaycan Xarici İşlər Nazirliyinə Azərbaycan Sərhəd Xidmətinin Xəzər dənizinin Azərbaycanla heç bir əlaqəsi olmayan sektorunda elmi-tədqiqat işləri aparan mülki gəmiyə münasibətdə qanunazidd fəaliyət göstərməyə cəhd etməsi ilə bağlı qəti etiraz bildirilib", - Türkmənistan XİN-in məlumatında deyilir.

Qeyd edək ki, iyunun 18-də Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan XİN-ə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edilib.

Görüşdə bildirilib ki, 2008-ci ildə Azərbaycan və Türkmənistan Prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən, tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər.

Bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən "Kəpəz" yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilir.

Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib və qeyd olunub ki, Türkmənistanın hüquqazidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.

Xəbər lenti

Xəbər lenti