Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/
Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Şurası bu gün İnsan Hüquqları və Demokratiya üzrə Strateji Çərçivə və onun həyata keçirilməsi üçün Fəaliyyət Planını qəbul edib.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, ilk dəfədir ki, Avropa İttifaqının belə mühüm siyasi sahədə birgə Strateji Çərçivəsi və onun icrası üçün geniş çeşidli tədbirlər planı var.
"İnsan hüquqları məsələsi mənim əsas prioritetlərimdən biri olub, xarici əlaqələr istiqamətində gördüyümüz bütün işlərdən keçən əsas məsələdir. Biz bu hərtərəfli paketlə Aİ-nin insan hüquqları siyasətinin səmərəliliyini və onun tanınmasını artırmaq istəyirik. Çərçivəni və Fəaliyyət Planını həyata keçirmək üçün Aİ-nın insan hüquqları üzrə xüsusi nümayəndəsinin təyin olunmasını təklif etmişəm. Onun tezliklə təyin ediləcəyinə ümid edirəm", - xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton paket qəbul edildikdən sonra deyib.
Çərçivədə növbəti on ildə ümumiyyətlə Aİ-nin siyasətinin səmərəliliyini və onun daimiliyini artırmağa xidmət edəcək prinsiplər, məqsəd və prioritetlər müəyyən edilir. Həqiqətən də onlar kollektiv cəhdlərin göstərilməsi üçün razılaşdırılmış təməli təmin edir və Aİ-yə üzv dövlətləri, eləcə də Aİ qurumlarını cəlb edir. Strateji Çərçivədə vətəndaş cəmiyyəti ilə əsl tərəfdaşlığın aparılması istiqamətində öhdəlik götürülür. Çərçivə elə şəkildə hazırlanıb ki, mümkün dərəcədə aydın olsun, yəni bütün vətəndaşlar onu anlaya bilsin.