Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M.Əliyev/
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir. Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda keçirdiyi tədbirdə bildirib.
"Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik", - Həsənov deyib.
Həsənov QHT-lərin müxtəlif fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institut olduğunu qeyd edərək bildirib ki, QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır.
"Bu səbəbdən biz dövlət olaraq QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələri, eyni zamanda dövlət siyasətinin prioritetlərini təşkil edir", - o əlavə edib.
PA rəsmisi bu gün təşkil edilən görüşün tam şəffaf, səmimi bir şəraitdə keçiriləcəyini qeyd edərək bu sahədə Azərbaycanın ictimai həyatında, sosial sahədə ictimai əhəmiyyət kəsb edən və QHT-lərin hansısa şəkildə fəaliyyətinə aid olan bütün məsələləri açıq və şəffaf müzakirə etməyə hazır olduğunu vurğulayıb.
"Bu görüşü formal bir görüş kimi görmürəm. QHT-lərin səsləndirdiyi təkliflər qeydə alınıb təhlil olunacaq. Həmin təkliflər ümumiləşdirilmiş şəkildə vətəndaş cəmiyyəti institutları ilə gələcək əlaqələrin strategiyasını müəyyən edəcək. QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir", - Həsənov deyib.
Əli Həsənov: Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir (ƏLAVƏ OLUNUB)
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir.
