...

Elmar Məmmədyarov Meksika Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 12 İyul 2012 19:27 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroyo Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Meksika Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroyo Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov meksikalı qonaqları ölkəmizdə salamlayıb və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına yeni imkanlar yaradacağına əminlik ifadə edib. Nazir parlamentlərarası əlaqələrin müasir diplomatiyadakı rolunu yüksək qiymətləndirib və Meksika Senatının Xocalı faciəsinin soyqırım kimi tanınması ilə bağlı qəbul etdiyi qərara görə təşəkkürünü bildirib.

Fransisko Arroyo Vieyra Azərbaycanda təkcə neft sənayesinin deyil, bütünlüklə energetika sahəsinin inkişaf etdiyini qeyd edib və iki ölkə arasında əməkdaşlığın bir çox sahələrində irəliləyişin hiss olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Meksika Senatının sədr müavini ölkəmizin ərazi bütövlüyünü bərpa etmək istiqamətində haqq işini başa düşdüklərini xüsusi vurğulayıb. Fransisko Vieyra son dövrlər görülən diplomatik məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan haqqında ətraflı məlumat aldıqlarını və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün Meksikanın ölkəmizdə diplomatik nümayəndəliyinin açılmasının zəruriliyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Fransisko Arroyo Vieyra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin kağız üzərində qalmasından təəssüfləndiyini bildirib.

Nazir Elmar Məmmədyarov azərbaycanlıların doğma vətənlərinə qayıtması üçün dünya ictimaiyyətinin Ermənistana təzyiq etməsinin vacibliyinə toxunub. Nazir Ermənistanın bu işğaldan heç nə qazanmadığını da xüsusi vurğulayıb.

Meksika Parlamentinin ədalətsizliyə biganə qala bilməyəcəyini deyən Fransisko Arroyo Vieyra hər zaman Azərbaycanın yanında olduqlarını və onun ərazi bütövlüyünə səs verəcəklərini bildirib.

Görüşdə təhsil sahəsində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi yolları, qarşılıqlı tələbə və ekspert mübadiləsi imkanları da müzakirə edilib.

Sonda Nazir Elmar Məmmədyarov Meksika parlamentinə prinsipial mövqeyinə görə bir daha minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti