...

Ermənilərin Cavaxetiya iddiası

Siyasət Materials 18 İyul 2012 09:00 (UTC +04:00)
Gürcüstanın Cavaxetiya regionuna yeni qubernator təyin edilmişdir. O, bir müddət əvvəl Gürcüstan DİN-in Baş İdarəsinin və əvvəllər Samtsxe-Cavaxetiyanın polis rəisi vəzifəsində işləmiş Ivane Tsiklauridir.
Ermənilərin Cavaxetiya iddiası

Gürcüstanın Cavaxetiya regionuna yeni qubernator təyin edilmişdir. O, bir müddət əvvəl Gürcüstan DİN-in Baş İdarəsinin və əvvəllər Samtsxe-Cavaxetiyanın polis rəisi vəzifəsində işləmiş Ivane Tsiklauridir.

İlk baxışdan bu təyinatda maraq doğuran bir yenilik yoxdur. Bununla belə, Tsiklaurinin təyinatı bölgədə yaşayan ermənilər üçün narahatlıq yaradan, Gürcüstanda qarşıdan gələn parlament və prezident seçkiləri ərəfəsində regionda müxalifət qüvvələrinin fəaliyyətinə maneə törədə biləcək amil kimi qiymətləndirilir.

Tsiklaurinin polis rəisi işlədiyi müddətdə bir neçə cinayətkar ünsürün həbsi hazırda nəinki Samtsxe-Cavaxeti erməniləri, hətta beynəlxalq ermənipərəst və Rusiya ekspertləri tərəfindən də müzakirə edilir və buna siyasi qiymətlər verilir.

Bundan başqa, 2008-ci ildə Gürcüstan hakimiyyəti tərəfindən "ictimai asayişi pozan kütləvi tədbirlərin təşkili, "xuliqanlıq" və "qanunsuz silah saxlama" ittihamları ilə həbs edilmiş, erməni millətindən olan "siyasi məhbuslar"ın da bəyanatları yayılmaqdadır. Artıq bu bəyanatlarda Gürcüstan hakimiyyətinin Cavaxetiyada yeni siyasi cəza tədbirlərini həyata keçirəcəyi və bununla da erməni əhalisinin siyasi baxışlarının məhdudlaşdırılacağı, regionda gərginliyin artacağı və son məqsəd kimi siyasi oponentlərin susdurulacağı ön plana çəkilir.

"Cavaxetiya ermənilərinin Hüquqlarını Müdafiə Şurası" adlı qurum da bəyanatla çıxış edərək hakimiyyət orqanlarını parlament seçkiləri ərəfəsində erməni müxalifət liderləri və fəallarını təqib etməkdə günahlandırmış və seçkilərin nəticələri üzrə hakim partiyanın xeyrinə saxtakarlıq ediləcəyini bildirmişdir.

Yerevanda fəaliyyət göstərən "Cavakx" cəmiyyəti, "Mitk" analitik mərkəzi, "Yerkir" birliyi, Virk Partiyası və "Cavakx" xalq hərəkatı Cavaxetiyanın "qədimdən ermənilərin məskunlaşdığı ərazi olduğu"nu daima bildirir və guya, XVIII əsrin sonlarında bu bölgənin erməni əhalisinin böyük hissəsinin itirilməsi və bir hissəsinin başqa yerlərə köçməsi, bir hissəsinin isə sadəcə məhv edilməsi haqqında əsassız, dəlilsiz məlumatlar yayır. Hazırda Cavaxetiya erməniləri Gürcüstandan muxtariyyət tələb edir və zaman-zaman bu məsələni qaldırırlar.

Ermənilərin bu ərazidə muxtariyyət yaratmağa cəhd etmələrinin əsas səbəblərindən biri də Cavaxetiyanın geosiyasi və geoiqtisadi сəhətdən əlverişli ərazidə yerləşməsidir. Belə ki, Gürcüstanın cənub-qərbində yerləşən Samtsxe-Cavaxeti rayonu Cənubi Qafqazda strateji əhəmiyyətli regionlarından biridir, şimal-qərbdə Acariya, cənubda Ermənistan (Bavra Gömrük məntəqəsi), cənub-qərbdə isə Türkiyə (Vale gömrük məntəqəsi) ilə həmsərhəddir.

Ərazidən mühüm boru kəmərləri və dəmir yolları, təkcə region ölkələri üçün deyil, həm də Avropa və Amerika üçün çox önəmli olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Batumi-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri keçir və Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolunun da keçməsi nəzərdə tutulmuşdur. Strateji və spesifik əhəmiyyətini nəzərə alaraq əvvəllər Gürcüstan ərazisində yerləşən və 2007-ci ildə ölkədən çıxarılmış iki Rusiya hərbi bazasından biri Batumidə, digəri isə Axalkalaki şəhərində olmuşdur.

Bütün qeyd olunanlar bir daha göstərir ki, müxtəlif ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyən qüvvələr həqiqətən də Cavaxetiyanı təhlükəli region kimi təqdim etmək niyyətindədirlər. Rəsmi Tbilisi isə bunun ermənilər və digər ermənipərəst qüvvələr tərəfindən hazırlanmış ssenari əsasında həyata keçirildiyini dərk edərək, Ermənistanın regionda siyasi proseslərə təsirini neytrallaşdırmaq üçün mümkün olan hər şeyi edir. Əsas məsələ Cavaxetiyanın daxili və xarici siyasi faktora çevrilməsinin qarşısının alınmasıdır. Ən başlıcası isə odur ki, ermənilər başa düşməlidirlər ki, istənilən xarici qüvvələrin təsirinə və istəyinə baxmayaraq, hakimiyyət tərəfindən ölkə ərazisində ikinci Abxaziyanın, Osetiyanın yaradılmasına yol verilməyəcək. Bu iddiada olan ermənilər Gürcüstan vətəndaşları olduqlarını unutmamalı və dövlətçilik əleyhinə addımlar atmamalıdırlar.

Xəbər lenti

Xəbər lenti