...

Azərbaycan müxalifətinin namizəd problemi: AXCP və Müsavat qarşı-qarşıya

Siyasət Materials 29 Avqust 2012 13:47 (UTC +04:00)
Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası Müsavat başqanı İsa Qəmbəri İctimai Palatanın qərarı olmadan prezidentliyə namizədliyini verəcəyi barədə qərarına görə ittiham edib.
Azərbaycan müxalifətinin namizəd problemi: AXCP və Müsavat qarşı-qarşıya

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Xalq Cəbhəsi Partiyası Müsavat başqanı İsa Qəmbəri İctimai Palatanın qərarı olmadan prezidentliyə namizədliyini verəcəyi barədə qərarına görə ittiham edib.

AXCP sədrinin müavini, İP-nin üzvü Fuad Qəhrəmanlı Trend-ə açıqlamasında qeyd edib ki, bu günə qədər AXCP sədri Əli Kərimli dəfələrlə bildirib ki, bizim üçün önəmli olan məsələ demokratik müxalifət qüvvələrinin birliyinə nail olmaqdır.

"Bu halda prezidentliyə namizəd məsələsinin vaxtından əvvəl müzakirə olunması, gündəliyə gətirilməsi ümumi məqsədlərimizə xeyir gətirməyə bilər. Ona görə də diqqəti əsas məsələdən yayındırmamaq üçün məsələnin təxirə salınması, müzakirə olunmamasının tərəfdarı olmuşuq və bununla bağlı İP-nin qərarı da var", - Qəhrəmanlı deyib.

O qeyd edib ki, bu qərar İP Koordinasıya Şurasının rəhbərliyinin iştirakı ilə qəbul olunub və hər kəs buna səs verib.

"Ona görə də Müsavat başqanı İsa Qəmbərin bu qərara rəğmən öz namizədliyini irəli sürməsi barədə bəyanatı təbii ki, müəyyən uyğunsuzluq yaradır və bu uyğunsuzluq cəmiyyətdə, o cümlədən mediada müəyyən suallar doğurur", - Qəhrəmanlı deyib.

O bildirib ki, İsa Qəmbər özü bu uyğunsuzluqla bağlı suallara aydınlıq gətirməlidir.

"Biz İP-nin qərarına əməl olunmasının tərəfdarıyıq, çünki bizim birgə fəaliyyətimiz birgə qəbul etdiyimiz qərarlarla tənzimlənir və bu qərarlara əməl olunması bizim gələcək fəaliyyətimizin də əsasını təşkil edir", - Qəhrəmanlı vurğulayıb.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu isə Trend-ə bildirib ki, Müsavat başqanı İsa Qəmbərin növbəti prezident seçkilərində iştirak etmək barədə bəyanatında heç bir qəbahət görmür.

"Burada qəbahət heç bir şey yoxdur. Hamı bilir ki, İsa Qəmbərin belə bir niyyəti var və Müsavat Partiyasının namizədi İsa Qəmbərdir. İsa Qəmbər deməyib ki, mən vahid namizəd kimi iştirak edəcəyəm. Bu vahid namizəd məsələsi nəyə görə ortaya çıxıb? Çünki ortada konkret iddiaçılar var və indiki halda real iki namizəd İsa Qəmbər və Əli Kərimlidir", - Yaqublu deyib.

Onun sözlərinə görə, aydın görünür ki, Əli Kərimli də AXCP-nin namizədi olacaq.

"İP-də razılaşma ondan ibarətdir ki, biz indi vahid namizəd məsələsini müzakirə etmirik, bu cür müzakirələr indiki halda səmərəli deyil", - Yaqublu vurğulayıb.

O hesab edir ki, İsa Qəmbərin prezident seçkilərində iştirak etmək niyyəti bu qərarın ziddinə deyil.

Qeyd edək ki, Azərbaycanda növbəti prezident seçkisinin 2013-cü ilin sonlarında keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti