...

Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə sadiqdir

Siyasət Materials 1 Sentyabr 2012 13:14 (UTC +04:00)
Tehranda keçirilən Qoşulmama Hərəkatının (QH) 16-cı sammiti üzv ölkələrin ümumi gündəliyində dayanan məsələlərin həlli üçün əlavə addımları müəyyənləşdirəcək.
Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə sadiqdir

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Tehranda keçirilən Qoşulmama Hərəkatının (QH) 16-cı sammiti üzv ölkələrin ümumi gündəliyində dayanan məsələlərin həlli üçün əlavə addımları müəyyənləşdirəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov təşkilatın sammitində çıxışı zamanı bildirib.

Nazir deyib ki, Azərbaycan QH-nin məqsəd və prinsiplərinə sadiqdir.

"Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın iştirakçısı deyil. Eyni zamanda, Azərbaycan, hakimiyyətin demokratikləşmə, insan haqlarına ehtiramın möhkəmləndirilməsi və sosial ədalətə xüsusi yer verdiyi sürətlə inkişaf edən ölkədir. Azərbaycanda QH-nin bir neçə üzv dövlətinin inkişafına yardım layihələrinin reallaşdırılması başlayıb və biz bu fəaliyyətin gələcəkdə genişləndirilməsi haqqında məsələyə baxırıq", - nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının üzvləri tərəfindən möhkəm dəstəyə, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinin tanınmasına görə minnətdardır.

"BMT-dən sonra böyüklüyünə görə ikinci beynəlxalq siyasi təşkilat olan QH siyasi məsləhətlər və praktiki əməkdaşlıq üçün geniş və hərtərəfli forum xarakteri daşıyır. QH-nin üzv ölkələri dinc və təhlükəsiz beynəlxalq asayişə nail olmaq üçün davamlı səylər göstərir", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, müstəmləkəçiliyin ləğvinin uğuru və qlobal sosial inkişaf proqramının yaranması kimi XX əsrin vacib nailiyyətlərindən bəziləri müəyyən dərəcədə QH-nin töhfəsidir.

"Buna baxmayaraq, biz hamımız hərəkatın məqsədlərinə tam çatması üçün hələ uzun yol getməyin vacibliyi ilə razıyıq. Bugünkü görüş vacib dövrdə keçirilir. Belə ki, dünya ictimaiyyəti dünyanın inkişafı, təhlükəsizlik və sabitlik üçün yeni yaranan çağırışlar və imkanlarla üzləşir", - o vurğulayıb.

Məmmədyarovun sözlərinə görə, son ekoloji, iqtisadi və sosial göstəricilər nümayiş etdirir ki, tərəqqi və inkişaf üçün modellər dəyişdirilməli və uyğunlaşdırılmalıdır.

Xəbər lenti

Xəbər lenti