Azərbaycan, Bakı, 6 sentyabr / Trend müxbir M.Əliyev/
Macar deputatlar Ramil Səfərovun ekstradisiyası və sonradan azadlığa buraxılmasında Azərbaycana dəstəklərini bildiriblər.
Trend-in məlumatına görə, Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib ki, Macarıstan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədr müavini, Macarıstan parlamentində Macar-Azərbaycan dostluq qrupunun həmsədri Marton Dyondoşi və Yobbik partiyasının parlamentdəki üzvü Tamaş Heqeduş səfir Vilayət Quliyevlə görüşərək Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyası və hadisələrin sonrakı gedişi ətrafında yaranan müzakirələr barədə fikir mübadiləsi aparıblar, Azərbaycana dəstəklərini ifadə ediblər.
Dyondoşi qeyd edib ki, ekstradisiya məsələsi ilə bağlı sentyabrın 4-də keçirilən mitinqdə iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycan torpaqlarının işğalından və erməni zabiti Qurqen Markaryanın öldürülməsinin həqiqi səbəblərindən xəbərsizdir. O qeyd edib ki, siyasi partiya rəhbərləri belə tədbirlərdən sadəcə öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Macar millət vəkili indiyə qədər Macarıstanın bir sıra qəzetlərinə və elektron mediaya çoxsaylı müsahibələr verərək məsələnin həqiqi mahiyyətini aydınlaşdırmağa çalışdığını bildirib.
Söhbət zamanı iki ölkə arasında mövcud yaxınlaşmanın bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, birgə iqtisadi layihələrin həyata keçirilməsi üçün imkan yaratmasına təsiri də qeyd edilib.