...

MTN-in Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər

Siyasət Materials 13 Sentyabr 2012 16:15 (UTC +04:00)
MTN-in İctimai Əlaqələr Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, təntənəli mərasimdə əvvəlcə hərbi marşın sədaları altında sıra meydanına akademiyanın Döyüş Bayrağı gətirilib. Sonra Dövlət Himni səsləndirilib.
MTN-in Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar Vətənə sədaqət andı içiblər.

MTN-in İctimai Əlaqələr Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, təntənəli mərasimdə əvvəlcə hərbi marşın sədaları altında sıra meydanına akademiyanın Döyüş Bayrağı gətirilib. Sonra Dövlət Himni səsləndirilib.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev gənc kursantları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edərək, hərbi andın Vətənə, xalqa, müstəqil Azərbaycana sədaqət andı olduğunu bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantı olmağa layiq görülmüş gənclər çətin və şərəfli peşənin sirlərinə yiyələnərək əsl zabit kimi yetişməlidirlər. Milli maraqların etibarlı təmin olunması sahəsində qarşıya qoyulmuş bütün vəzifələri peşəkarlıqla yerinə yetirməlidirlər. Bunun üçün daim öz üzərində işləmək, təhsildə və xidmətdə yüksək nəticələr göstərmək, nizam-intizamlı olmaq lazımdır.

Allahverdiyev Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışıb, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının təşkili və formalaşmasında ümummilli liderin misilsiz xidmətlərini qeyd edib, ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqəti xüsusi vurğulayıb.

General-mayor İsgəndər Allahverdiyev milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun gündəlik qayğısı sayəsində akademiyanın əldə etdiyi nailiyyətlərdən və inkişafından danışaraq bildirib ki, bu təhsil ocağında kursantların və dinləyicilərin istifadəsinə verilmiş tədris korpusları, yataqxanalar, yeməkxanalar, klublar və İdman Sağlamlıq Kompleksi ən yüksək standartlara cavab verir. Çıxışının sonunda Allahverdiyev akademiyaya daim göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, nazir Eldar Mahmudova Akademiyanın rəhbərliyi və şəxsi heyət adından dərin təşəkkürünü bildirib.

Cıxış edən gənc kursantlar ümummilli liderin adını daşıyan bu xüsusi təynatlı ali təhsil müəssisəsinə daxil olduqları üçün qürur duyduqlarını bildirib, təlim-tədris və hərbi-fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz veriblər. Valideynlər də çıxışlarında Akademiyada yaradılmış hərtərəfli şəraitə görə Ali Baş Komandan İlham Əliyevə və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarının yüksək təhsil alacaqlarına və gələcəkdə hazırlıqlı zabitlər kimi yetişərək Vətənə layigli xidmət edəcəklərinə əmin olduqlarını söyləyiblər.

Tədbirin sonunda təhsil müəssisəsinin akt zalında Akademiyanın rəhbərliyi valideynlərlə görüş keçirərək onları maraqlandıran sualları cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti