...

Azərbaycan Prezidenti Qobustan qəsəbəsində orta məktəbin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 25 Sentyabr 2012 14:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Qobustan qəsəbəsində orta məktəbin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib.

Ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlətimizin başçısı paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində olmuşdu. Burada qəsəbə ictimaiyyətinin nümayəndələri ilə görüşdə sakinlər dövlətimizin başçısından məktəb binasının tikilməsi barədə xahiş etmişdilər.

Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli sərəncamına əsasən qəsəbədə ümumtəhsil məktəbi binasının tikintisi üçün iki milyon manat vəsait ayrılıb.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, ümumi sahəsi üç hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılıb. Məktəbin inşasına ötən il başlanılıb. Tikinti işləri qısa zamanda yüksək zövq və keyfiyyətlə aparılıb.

Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb.

Diqqətə çatdırıldı ki, 880 şagird yerlik bu təhsil ocağında 48 sinif otağı var. Altı min ədəbiyyat fonduna malik müasir kitabxanada müxtəlif sahələrə aid zəruri kitablar toplanıb. Burada, həmçinin şagirdlərin peşə hazırlığının yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılacaq. İbtidai sinif şagirdləri üçün yaradılan oyun otağında balacalar asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Məktəbdə şahmat otağı və sinifdənkənar işlər üçün xüsusi kabinetlər də var. Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi və təhsil almasına da xüsusi diqqət yetirilib. Hərbi vətənpərvərlik otağında ordumuzun qüdrətinin artırılması üçün dövlətimizin həyata keçirdiyi tədbirləri əks etdirən fotolar yer alıb, milli qəhrəmanlarımızla bağlı guşə yaradılıb.

Bildirildi ki, məktəbdəki şərait təlim-tərbiyə işinin və tədris prosesinin ən yüksək səviyyədə aparılmasına imkan verir. Məktəbdə linqafonla təchiz olunmuş informatika otağında ən son texniki avadanlıq quraşdırılıb. Burada 30 kompyuterin olduğu iki zal da şagirdlərin ixtiyarına verilib. Məktəbdə stomatoloq və psixoloq kabinetləri də fəaliyyət göstərəcək. Yeni təhsil ocağında ən son texniki avadanlıqla təchiz olunmuş fizika və kimya laboratoriyaları var. Məktəbdəki müxtəlif fənn kabinetləri də zəruri əyani vəsaitlə təmin olunub, sinif otaqlarında elektron lövhələr quraşdırılıb, şagirdlərin istirahət otaqları yaradılıb. Məktəbin akt zalı da müasir səviyyədə və nəfis tərtibatda inşa olunub. Akt zalında məktəblə yanaşı, qəsəbə üzrə mədəni-kütləvi tədbirlər keçirmək üçün imkan var.

Vurğulandı ki, təhsil ocağında şagirdlərin normal qidalanmaları üçün yüksək şərait yaradılıb. Buradakı yeməkxana da ən müasir tələblərə cavab verir. Məktəbin idman zalı da müasir səviyyədə qurulub. Zalda şagirdlər mini futbol, basketbol, voleybol və idmanın digər növləri ilə məşğul ola bilərlər.

Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, futbol, voleybol və basketbol meydançaları tikilib.

Dövlətimizin başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirdi.

Xəbər lenti

Xəbər lenti