...

YAP-çı qadınların 20 illik fəaliyyətinə qiymət verildi

Siyasət Materials 29 Oktyabr 2012 17:35 (UTC +04:00)
Yeni Azərbaycan Patiyası (YAP) Qadınlar Şurası bazar ertəsi partiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirib.
YAP-çı qadınların 20 illik fəaliyyətinə qiymət verildi

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Patiyası (YAP) Qadınlar Şurası bazar ertəsi partiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirib.

Trend-in məlumatına görə, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbirin açılışında bildirib ki, Yeni Azərbaycan Partiyasının ölkədə siyasi səhnəyə gəlməsi ilə demokratik proseslərin təməli qoyuldu: "YAP ictimai ehtiyacların obyektiv tələbatına verilən cavab idi".

Şura sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə YAP öz xalqının mənəvi potensialını üzə çıxararaq daxili və xarici siyasətini qurub.

"YAP o dövrdə xalqı xilas etmək üçün yarandı", - o deyib. Əliyeva qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması cəmiyyətimizi saflaşdırmaq üçün qoyulan bir ənənə idi.

"Ulu öndər Heydər Əliyev hər zaman qadınların cəmiyyətdə aparıcı bir qüvvə olduğunu söyləyib", - o bildirib.

Şura sədri qeyd edib ki, demokratiyanın, milli dövlətçilik yolunun sadiq yolçuları olan qadınlarımız yeni ənənələr gətirdilər. Bu ənənələr müstəqil Azərbaycan dövlətinin həyatına gətirilən ənənələrdir.

Milli Məclisin vitse-spikeri Bahar Muradova tədbirdə bildirib ki, YAP yarandığı ilk illərdə Azərbaycan üçün bir çox ağrı-acılarla qarşılaşdı.

"Biz bu yola "Müstəqil Azərbaycan" şüarı ilə çıxdıq və xalqın özünə inamını ümummilli lider Heydər Əliyev qaytardı", - o deyib.

Vitse-spiker vurğulayıb ki, YAP Azərbaycanın bütün bugünkü uğurlarının altında imzasını atıb.

"YAP Azərbaycan ictimai-siyasi mühitinin avanqardıdır. Azərbaycan dünyada öz yerini möhkəmləndirib", - Muradova deyib.

Vitse-spiker qeyd edib ki, YAP-ın fəaliyyəti illərində partiyanın Qadınlar Şurası mötəbər bir təşkilata çevrilib. O, eyni zamanda, YAP qadın şuralarının regionlarda yaradılmasının tarixi, bu yolda partiyanın fəal qadın üzvlərinin üzləşdiyi çətinliklərdən bəhs edib.

"YAP sıralarına Azərbaycan qadınlarının ən fəalları, fədakarları, savadlıları qoşuldu və partiyanın quruluşunda Qadınlar Şurasının xüsusi yeri var", - Muradova bildirib. O vurğulayıb ki, YAP bu gün bir ölkənin, bölgənin partiyası deyil, beynəlxalq səviyyəli partiyadır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, YAP üzvləri arasında qadınların sayı 48 faiz təşkil edir və bu da partiyanın fəaliyyətində qadınların rolunun göstəricisidir. O qeyd edib ki, YAP daima yeniliklər gətirərək Azərbaycanın daha da inkişafına nail olub.

Hüseynova YAP Qadınlar Şurasının rəhbərlik etdiyi Komitə ilə daim birgə işlədiyini, qadınların problemlərinin həlli yollarının birgə axtarıldığını vurğulayıb.

YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov tədbirdə bildirib ki, partiya üzvlərinin təxminən yarısı qadınlardır və onların da yarıdan çoxu müəllimlərdir.

"Ötən 20 il ərzində Azərbaycan müəllimlərinin qazanılmış uğurlarda çox böyük əməyi olub", - o deyib.

Mərdanov qeyd edib ki, hazırda partiyanın 600 minə yaxın üzvü var.

"Qarşıda bizi prezident seçkiləri gözləyir. Şübhəsiz ki, bu gün hər kəs prezident kimi İlham Əliyevi görür", - Mərdanov deyib.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, partiyanın sıraların bu sayda qadınların qoşulması ümumən Azərbaycanda qadınların ictimai-siyasi həyatda aktivliyinin göstəricisidir.

"YAP sıralarında qadınların fəallığının bir səbəbi də qadınların ölkədəki quruculuq, abadlıq işlərinin aparılmasındakı istəklərinin göstəricisidir. Bu gün YAP Azərbaycan cəmiyyətində özünün güclü mövqeyinə təkcə ona görə sahib deyil ki, 600 minə yaxın üzvü var, ona görə sahibdir ki, rasional, müdrik düşüncə hökm sürür", - Əhmədov deyib.

O, eyni zamanda, Azərbaycanın seçkili orqanlarında qadınların sayının artacağına ümidvar olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti