...

Rəsmi Bakı: ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Noyabr 2012 10:44 (UTC +04:00)
Rəsmi Bakı bəyan edib ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək.
Rəsmi Bakı: ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir E.Mehdiyev/

Rəsmi Bakı bəyan edib ki, ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, ikitərəfli əməkdaşlıq davam edəcək.

"Düşünürəm ki, kimin prezident seçilməsindən asılı olmayaraq, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq davam edəcək. Hər iki namizədə həyata keçirdikləri seçki kampaniyasının bəhrəsini görməyi arzu edirik. Amma iksindən biri seçilməlidir. Biz kimə nə arzu etməyimizdən asılı olmayaraq, Amerika xalqı öz taleyini həll edəcək, iki şəxsdən biri seçiləcək", - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, Azərbaycanla ABŞ bir çox sahələrdə strateji tərəfdaşlığa malikdir, əməkdaşlq edir.

"Xüsusən beynəlxalq sülhyaratma proseslərində biz ABŞ-la dünyanın müxtəlif qaynar nöqtələrində iştirak edirik, o cümlədən beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırıq. Enerji sahəsində transmilli layihələrin həyata keçirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan ABŞ-la ciddi əməkdaşlığa malikdir. Demokratiya, demokratik inkişaf, söz, mətbuat, məlumat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu və daxili siyasətin digər məsələləri üzrə biz ABŞ-la əməkdaşlıq edirik", - Həsənov deyib.

Jurnalistlərin "Azərbaycan ABŞ-dakı prezident seçkisindən sonra həmsədr ölkə kimi Birləşmiş Ştatlardan hansı aktivliyi gözləyir" sualına cavabında isə Həsənov bildirib ki, əlbəttə, Azərbaycan Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-da gedən proseslərlə maraqlanır.

"Biz istəyirik ki, kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti artırsın, mövcud status-kvonun aradan qaldırılmasında ciddi iradə nümayiş etdirsin və Ermənistanı qarşılıqlı güzəştlər nəticəsində sülh prosesinə məcbur etsin. Çünki bunsuz mümkün deyil", - PA rəsmisi əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan hesab edir ki, mütləq şəkildə Minsk qrupunun həmsədrləri ciddi iradə nümayiş etdirməlidirlər və bu iradə ilə də Ermənistanı konstruktiv əməkdaşlığa, konsturiktiv sülhə məcbur etməlidirlər.

"Ona görə də biz gözləyirik. Sabah ABŞ-da prezident seçkilərinin nəticələri bilinəcək. Ondan sonra yeni seçilmiş prezidentə Azərbaycan hökuməti və dövləti olaraq gözləntilərimizi çatdıracağıq", - Həsənov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti