Azərbaycan, Bakı, 7 noyabr / Trend, E. Mehdiyev /
Yerli vaxtla səhər 4:30-dan başlayaraq Azərbaycanda yaşayan amerikalılar Azərbaycan diplomatik akademiyasında (ADA) toplaşıb, ABŞ-da prezident seçkilərində səsvermənin gedişatını izləyiblər, Trend-in müxbiri bildirir.
Məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatı ilə, bir çox amerikalılara, səfirliyin əməkdaşlarına, Azərbaycanlı hökumət nümayəndələrinə, yerli Qeyri Dövlət Təşkilatların, vətəndaş cəmiyyətinin nümayəndələrinə ADA-da birbaşa yayım vasitəsi ilə prezident seçkilərini izləmək imkanı verilib.
İştirakçılar səsvermənin nəticəsini səbirsizliklə gözləyiblər. ABŞ vətəndaşı Canin Klark dedi ki, o burada başqa amerikalılarla və ABŞ-da olan hadisələrlə maraqlanan insanlarla birgə olmağa çox şaddır.
"Mən qalib görmək istədiyim insana inanıram, və hesab edirəm ki, o, başqa ölkələrlə ABŞ-ın münasibətlərinə əhəmiyyətli dərəcədə təsir edəcək", - Klark deyib.
6 noyabr tarixində ABŞ-da 57-ci prezident seçkiləri keçirilib və səsvermədən sonra Seçicilər Kollegiyası ölkənin yeni prezident və vitse-prezidentinin adlarını açıqlayacaq. Seçilmiş dövlət başçısı 20 yanvar 2013-cü il vəzifəyə daxil olacaq. Artıq ilkin nəticələrə görə Barak Obama növbəti dörd illik üçün ABŞ-ın prezidenti seçilib.
Qüvvədə olan prezident Barak Obama ikinci müddətə Demokratik partiyadan namizəd kimi irəli sürülüb. Massaçusetsin keçmiş qubernatoru Mitt Romni isə Respublikaçılar partiyasından namizədidir.