...

Azərbaycanın hakim partiyası: ABŞ-Azərbaycan əlaqələri dəyişməz qalacaq

Siyasət Materials 7 Noyabr 2012 11:23 (UTC +04:00)
Azərbaycanın hakim partiyası hesab edir ki, Barak Obamanın yenidən Birləşmiş Ştatlar prezidenti seçilməsi ABŞ-Azərbaycan əlaqələrinə təsir göstərməyəcək.
Azərbaycanın hakim partiyası: ABŞ-Azərbaycan əlaqələri dəyişməz qalacaq

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın hakim partiyası hesab edir ki, Barak Obamanın yenidən Birləşmiş Ştatlar prezidenti seçilməsi ABŞ-Azərbaycan əlaqələrinə təsir göstərməyəcək.

"Barak Obamanın yenidən ABŞ-ın prezidenti seçilməsi əslində gözlənilən idi. ABŞ-da aparılan proqnozlar, araşdırmalar da onun prezident seçiləcəyini göstərirdi. Birləşmiş Ştatların xarici siyasəti prezidentlərin dəyişməsi ilə dəyişmir", - bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı ABŞ-da prezident seçkilərinin nəticələrini şərh edərkən Trend-ə deyib.

O qeyd edib ki, ABŞ müəyyən sistemə söykənən dövlətdir və bu sistem əsasında da fəaliyyət göstərir. "Ona görə də hesab edirəm ki, ABŞ Prezidenti Barak Obama özünün xarici siyasət xəttini bundan sonra da davam etdirəcək, o cümlədən Azərbaycan ilə münasibətlərdə əsaslı bir dəyişiklik baş verməyəcək", - Qurbanlı deyib.

YAP sözçüsü güman etdiyini bildirib ki, ABŞ-la strateji tərəfdaşlıq və digər sahələrdə əməkdaşlıq olduğu kimi qalacaq və ABŞ-Azərbaycan münasibətləri dəyişməz xarakter daşıyacaq.

Dağlıq Qarabağ məsələsinə gəlincə isə, Qurbanlı bu sahədə də siyasətin davam etdiriləcəyini deyib. "ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ məsələsinin həllinə öz töhfəsini vermək istəyir, bu istiqamətdə çalışır. Təbii ki, ABŞ-ın siyasətində bu, ardıcıllıqla davam edəcək", - Qurbanlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti