Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə bundan sonra da ABŞ ilə əlaqələrin inkişafı və tərəfdaşlığın möhkəmləndirilməsi üzrə siyasət yürütmək niyyətindədir. Trend Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkə Prezidenti Abdullah Gülün yenidən ABŞ Prezidenti seçilmiş Barak Obamaya təbrik məktubunda deyilir.
Prezident Gül regional nöqteyi-nəzərdən Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətini qeyd edib. Gül, həmçinin Obamanın prezidentliyin birinci dövrü ərzində uğurlarını qeyd edib, ABŞ-da sosial və iqtisadi islahatların keçirilməsində Obamanın siyasətinin əhəmiyyətini vurğulayıb.
ABŞ-da prezident seçkiləri bir gün əvvəl keçirilib. Səslərin hesablanmasında iştirak etmiş KİV Obamanın qələbəsini elan edib: o, yenidən seçilmək üçün lazım olan miqdarda seçici səsi qazanıb.
Hazırda fəaliyyətdə olan prezident lazım olan 270 səsdən 303-nü toplayıb. Respublikaçı Mit Romni 206 səs toplayıb. Romni artıq məğlubiyyətini etiraf edib və yenidən seçilməsi münasibətilə Obamanı təbrik edib.