...

Azərbaycan Uruqvaya etiraz notası göndərdi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Noyabr 2012 22:14 (UTC +04:00)

Təfərrüatlar əlavə edilib (ilk xəbər 16:21-də yayılıb)

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Azərbaycanın Argentinadakı səfirliyi (eyni zamanda Uruqvayda akkreditə olunub) Uruqvay Nümayəndələr Palatası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar Uruqvay Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, notada uruqvaylı parlamentarilərin bu səfərinin qeyri-qanuni olduğu bildirilib və onların səfər zamanı keçirdikləri görüşlərin və açıqlamaların Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, məsuliyyətsizlik və etinasizlıq nümayiş etdirən bu qanunsuz səfər münaqişənin sülh yolu ilə həlli prosesinə xələl gətirir.

Notada bildirilib ki, səfərdən öncə Azərbaycanın səfiri və Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Orriko arasında keçirilmiş görüşdə Uruqvay Nümayəndələr Palatasının sədri Azərbaycan səfirini əmin edib ki, regiona səfəri zamanı Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməyəcək.

Səfirlik bir daha Uruqvay tərəfinə xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20 faizi, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunub, 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi və mədəni irs dağıdılıb və məhv edilib. BMT-nin Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı, Baş Assambleyası isə 62/243 saylı qətnamələrlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yuvalarına qaytarılmasını tələb edib. Bu mövqe bir sıra beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Qoşulmama Hərəkatının qəbul etdikləri çoxsaylı qətnamə və sənədlərdə də öz əksini tapıb.

Qeyd olunanları nəzərə alaraq, səfirlik Uruqvay Xarici İşlər Nazirliyindən baş vermiş insidentin araşdırılmasını və məsələyə münasibət bildirilməsini xahiş edib.

Səfirlik bildirir ki, 5 noyabr 2012-ci il tarixində Montevideoda Nümayəndələr Palatasının sədri Jorge Oricco tərəfindən qəbul edilən zaman səfir Məmməd Əhmədzadə Jorge Oricconu Ermənistana səfəri vaxtı onun Azərbaycanın işğal altında olan torpaqlarına aparıla bilməsi və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dəstək xarakterli açıqlamalar verməsinə təhrik edilməsi kimi təxribatların mümkünlüyü barədə xəbərdar etmiş və bunlar baş verərsə, bunun doğuracağı ağır nəticələr barədə Nümayəndələr Palatasının sədrini məlumatlandırmışdır.

Öz tərəfindən, Ermənistana səfərinin sırf ticarət məqsədi daşıdığını, səfərdə onu bir sıra şirkətlərin müşayiət edəcəyini deyən sədr Jorge Oricco Azərbaycan tərəfinin narahatlığını yaxşı anladığını, işğal altında olan ərazilərə səfər etməyəcəyi və Ermənistanın Azərbaycana qarşı iddialarına dəstəkanlamına gələ biləcək açıqlamalar verməyəcəyinə dair səfiri əmin etmişdir. Lakin göründüyü kimi, Uruqvay Nümayəndələr Palatasının sədri vəzifəsini daşıyan bir şəxs olaraq Jorge Oricco verdiyi zəmanətlərə əməl etməmişdir ki, bu da olduqca dərin təəssüf doğurur.

Belə bir vəziyyətdə Uruqvay Respublikası Nümayəndələr Palatasının sədri Xorxe Orrikonun və onu müşaiyət edən parlamentarların müəyyən radikalçevrələrin, xüsusilə də regiondakı reallıqlardan uzaq olan Hay Dat Erməni İnqilabçı Federasiyasının Uruqvay bürosunun təxribatının icraçısına çevrilməsi böyük narahatlıq doğurur. Azərbaycanın işğal olunmuş ərazilərinə həyata keçirilmiş bu qanunsuz səfər Ermənistan və Azərbaycan arasındakı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan həssas danışıqlara və sülh prosesinə birbaşa zərbə vurur və regiondakı gərginliyi daha da artıraraq prosesləri çox təhlükəli istiqamətə yönləndirir.

Bu məsələ ilə bağlı məsuliyyətsizlik və etinasızlığı nümayiş etdirən bu qanunsuz səfər həmin parlamentarların özlərinin belə təsəvvür edə biləmədikləri fəlakətlərə gətirib çıxara bilər ki, bunun da məsuliyyəti məhz həmin Uruqvay parlamentarlarının çiyinlərində qalacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti