Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda şəxs barəsində həbs qətimkan tədbiri seçildikdə ondan şəxsiyyətini təsdiq edən pasport və digər sənəd götürüləcək. Trend-in məlumatəna görə, Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləyə bununla bağlı dəyişiklik edilib.
Parlamentin Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Məcəlləyə dəyişikliyə görə, təqsirləndirilən şəxs barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur.
Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda cinayət işi üzrə materiallara həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir.