Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Tariverdiyeva/
Yaxın vaxtlarda Bakıda Rusiyanın "Şimal-Cənub" Siyasi Mərkəzinin filialı açılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında jurnalistlərə "Şimal-Cənub" Siyasi Mərkəzinin baş direktoru, Moskva Dövlət Universitetinin nəzdində Postsovet məkanında ictimai-siyasi proseslərin tədqiqatı üzrə Mərkəzin direktoru Aleksey Vlasov deyib.
"Bu, Cənubi Qafqazda belə strukturun açılacağı ilk paytaxtdır", - o qeyd edib.
Vlasovun sözlərinə görə, strukturun açılmasında məqsəd regionun ekspert cəmiyyətləri arasında kommunikasiyaların həyata keçirilməsidir, çünki Cənubi Qafqazda ekspertlər arasında məhdud fəaliyyət problemi var.
Vlasovun sözlərinə görə, ikinci vəzifə humanitar əlaqələrin kifayət qədər intensiv olmaması problemini həll etməyə hesablanmış humanitar proseslərdir.
"Qeyri-hökumət sektorunun xətti ilə region ölkələri və Rusiya arasında ümumi maarifləndirmə məkanını yaratmağa çalışmaq lazımdır", - o qeyd edib.
Vlasovun sözlərinə görə, üçüncü vəzifə Rusiya və postsovet məkanının gəncləri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsidir.
O deyib ki, dördüncü vəzifə dialoq meydançasının yaradılmasıdır, çünki Rusiya-Azərbaycan münasibətlərində və regiondaxili münasibətlərdə ən aktual məsələlərin müzakirə edilə biləcəyi dialoq meydançaları kifayət qədər deyil.
Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, "Vestnik Kavkaza" portalının baş redaktoru İsmayıl Ağakişiyevin sözlərinə görə, "Şimal-Cənub" siyasi klubu Azərbaycan və Rusiya tərəfinin cəhdləri sayəsində yaradılıb və mərkəzin yaradılmasının arxasında böyük iş dayanır.
"Təəssüf ki, Moskvada Cənubi Qafqaz haqqında kifayət qədər məlumatı olan və regiondakı daxili vəziyyəti başa düşən ekspertlər çox azdır", - Ağakişiyev bildirib.
Onun sözlərinə görə, "Şimal-Cənub" strukturu Rusiya-Azərbaycan münasibətlərində ən vacib və kəskin mövzuları müzakirə etmək üçün dialoq meydançasının olmaması problemini həll etməyə hesablanıb.
"Biz iki ölkə arasındakı ən vacib məsələləri nə qədər çox fəal müzakirə etsək, bir o qədər də tərəflər bundan qazanacaq", - o vurğulayıb.