...

Prezident İlham Əliyev: Qloballaşan dünyanın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya ölkələrinin rolu gündən-günə artır

Siyasət Materials 21 Noyabr 2012 18:52 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçılarına müraciət edib.
Prezident İlham Əliyev: Qloballaşan dünyanın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya ölkələrinin rolu gündən-günə artır

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının iştirakçılarına müraciət edib.

"Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Azərbaycanın paytaxtı Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən təbrik edir, bu mühüm beynəlxalq tədbirin işinə uğurlar arzulayıram. Düşünürəm ki, Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq mövzusuna həsr olunmuş bu tədbirin Bakıda keçirilməsi Azərbaycanın regionda artan nüfuzunun və ona olan etimadın göstəricisidir. Asiya və Okeaniyanın 300-dən çox siyasi partiyasını birləşdirən bu mötəbər qurum ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün uğurlu platformadır. Bu baxımdan, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm", - İlham Əliyev müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, qloballaşan dünyamızın müasir siyasi mənzərəsinin formalaşmasında Asiya regionu ölkələrinin rolu və əhəmiyyəti gündən-günə artır. Hazırda Asiya dünyanın iqtisadi mərkəzinə çevrilməkdədir. Aparıcı Asiya dövlətlərinin dinamik inkişafının kökündə dayanan yeni iqtisadi modellərin öz təsdiqini tapması dünya iqtisadi sisteminin əsas meyillərini təşkil edir. Müasirləşən Asiya zəngin mədəniyyəti, nəhəng iqtisadi potensialı və insan resursları ilə bəşəriyyətin gələcək taleyinin müəyyən edilməsinə böyük töhfə verir. Elə dövlət müstəqilliyinin 21-ci ildönümünü böyük iqtisadi və sosial yüksəlişlə qeyd edən Azərbaycan da iqtisadi inkişafın "Azərbaycan modelini" yaratmağa nail olub.

"Məmnuniyyətlə müşahidə etdiyimiz bu müsbət meyillərlə bərabər bir sıra Asiya ölkələrində yoxsulluq, qeyri-sabitlik, etnik və dini münaqişələr, terror və separatizm, lokal münaqişə və qarşıdurmalar bizi ciddi şəkildə narahat edir. Bu baxımdan, Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsi regionda iqtisadi sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa və inkişafa maneçilik törədən əsas amillərdəndir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon 20 ildən artıq müddətdir ki, işğal altındadır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti aparılmış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə qədim mədəniyyət abidələri məhv edilmiş, məktəblər, muzeylər, məscidlər dağıdılmış, məzarlıqlar təhqir olunmuş, dünya sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir", - Prezident deyib.

İlham Əliyev bildirib ki, münaqişənin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisinin, ATƏT-in, Avropa Şurasının, NATO-nun, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qərar və qətnamələri var. Ermənistan isə bütün bunlara məhəl qoymur. Bu səbəbdən də bölgədə davamlı sülh və təhlükəsizlik üçün ən böyük təhlükə olan bu münaqişənin beynəlxalq hüquq çərçivəsində danışıqlar yolu ilə ədalətli həlli istiqamətində Azərbaycanın göstərdiyi səylər nəticəsiz qalıb.

"İnanıram ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası çərçivəsində Siz beynəlxalq aləmdə təhlükəsizlik, sülh və əməkdaşlığın təmin olunması və möhkəmlənməsi üçün səmərəli fikir mübadiləsi aparacaq, mühüm qərarlar qəbul edəcəksiniz. Eyni zamanda, şübhə etmirəm ki, Baş Assambleyanın iştirakçı ölkələri bir-birinin təcrübəsindən faydalanaraq beynəlxalq və regional əməkdaşlıq sahəsində yeni imkanları lazımınca dəyərləndirəcək və dövrümüzün bu aktual problemlərinin həllinə layiqli töhfələrini verəcəklər.

Bir daha Baş Assambleyanın işinə müvəffəqiyyətlər, hamınıza cansağlığı, xoşbəxtlik diləyir, sülh və əməkdaşlıq yolunda dialoqun geniş vüsət alması naminə səylərinizdə uğurlar arzulayıram", - Azərbaycan Prezidenti müraciətində bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti