...

Türkiyənin Kocaeli valisi Azərbaycana səfərə dəvət olunub

Siyasət Materials 23 Noyabr 2012 13:06 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyədə Kocaeli valisi Ercan Topaca ilə görüşüb.
Türkiyənin Kocaeli valisi Azərbaycana səfərə dəvət olunub

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyədə Kocaeli valisi Ercan Topaca ilə görüşüb.

Komitədən Trend-ə bildirilib ki, Topaca Türkiyə və Azərbaycanın birlikdə həyata keçirdiyi layihələr sayəsində regionda və dünyada hər iki ölkənin nüfuzunun getdikcə artdığını qeyd edib. Türkiyə ilə Azərbaycanın sürətlə inkişaf etdiyini deyən Kocaeli valisi qarşılıqlı sərmayə yatırımlarının da burada mühüm rol oynadığını vurğulayıb.

Topaca Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının gördüyü işlərin, həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib.

O əmin olduğunu bildirib ki, yeni açılan Azərbaycan Mədəniyyət Evi də bu istiqamətdə uğurlu fəaliyyət göstərəcək.

Komitə sədri İbrahimov Azərbaycanda da Türkiyəyə qarşı hər zaman sevgi və ehtiramla yanaşıldığını qeyd edib.

O, TADEF-in ən fəal diaspor təşkilatlarından biri olduğunu və Türkiyədə Azərbaycan tarixi və mədəniyyətinin təbliği üçün bir sıra uğurlu layihələrə imza atdığını vurğulayıb.

Azərbaycan Mədəniyyət Evinin iki ölkə arasında iqtisadi və mədəni körpülərin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirən Dövlət Komitəsinin sədri TADEF-in fəaliyyətinə Kocaeli bələdiyyəsi və valiliyi tərəfindən daim dəstək göstərilməsindən məmnun olduğunu söyləyib.

İbrahimov Topacanı Azərbaycana səfərə dəvət edərək, bu cür qarşılıqlı səfərlərin əməkdaşlığın dərinləşməsində mühüm rol oynaya biləcəyini qeyd edib.

Topaca dəvətə görə təşəkkür edərək bu səfəri tezliklə reallaşdırmağa çalışacağını bildirib.

O, Kocaelidən olan iş adamlarının Azərbaycana, Azərbaycandan olan iş adamlarının isə Kocaeliyə səfərlərini təşkil etməyin hər iki ölkə üçün faydalı olacağına inandığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti