...

Ramiz Mehdiyev: Ziyalılar Forumunun üzvləri Azərbaycandakı ziyalıları təmsil etmir

Siyasət Materials 3 Dekabr 2012 12:52 (UTC +04:00)
Bəyanatlar yayan Ziyalılar Forumunun üzvləri Azərbaycandakı ziyalıları təmsil etmir, sadəcə 10-15 nəfər yığışıb belə bir təşkilat yaradıblar.
Ramiz Mehdiyev: Ziyalılar Forumunun üzvləri Azərbaycandakı ziyalıları təmsil etmir

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir M.Əliyev/

Bəyanatlar yayan Ziyalılar Forumunun üzvləri Azərbaycandakı ziyalıları təmsil etmir, sadəcə 10-15 nəfər yığışıb belə bir təşkilat yaradıblar. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ziyalılar Forumunun yaydığı son bəyanata münasibət bildirərkən deyib.

"Təşkilatçıların keçmişini, bu gününü təhlil etsəniz, görəcəksiniz ki, həmin bu təşkilatın üzvlərinin məqsədləri nədən ibarətdir - kimsə deputat seçilməyib, kiminsə biznesi baş tutmayıb, kiminsə başqa marağı olub və təmin edə bilməyib, kimsə işdən qovulub. Bax, bu tipli insanlar orada yığışırlar və deyə bilərəm ki, əylənirlər. Azərbaycanın gələcəyi üçün bu Forumun heç bir xeyri yoxdur", - Mehdiyev bildirib.

PA rəhbəri qeyd edib ki, Azərbaycanda ziyalıların sayı 100 minlərlədir və bu 10-15 nəfər həmin ziyalıların maraqlarını heç də təmin edə bilməz.

"Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidentinin Azərbaycanın gələcəyi ilə bağlı çox geniş planları var. "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyası bu ilin sonuna qədər artıq hazırlanıb başa çatacaq, müzakirəyə çıxarılacaq və imzalanması üçün Prezidentə təqdim olunacaq. 2020-ci ildə Azərbaycan regionda və dünyada tanınan çox möhtəşəm bir dövlət olacaq", - Mehdiyev bildirib.

2013-cü ildə prezident seçkilərinə hakimiyyət tərəfindən irəli sürülən namizədlə bağlı məsələyə münasibət bildirən PA rəhbəri deyib ki, namizədliklə bağlı müzakirələr ictimaiyyəti çox maraqlandırır, çünki hər kəsə maraqlıdır ki, Azərbaycanın növbəti 5 ildə prezidenti kim olacaq, Azərbaycanın taleyi nədən ibarət olacaq, kimlə bağlı olacaq.

"Bu da məlumdur. 2020-ci ilə qədər Azərbaycanın konsepsiyası var, bu gün də biz bunu müzakirə etdik və hesab edirəm ki, hər bir insan bundan özü üçün nəticə çıxara bilər ki, Azərbaycanın prezidenti kim olacaq", - Mehdiyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti