...

Hərbi statuslu yeni təşkilatın təsisçiləri Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Siyasət Materials 25 Yanvar 2013 16:27 (UTC +04:00)
Bu gün Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının təsis konfransı keçirilib. Trend-in məlumatına görə, assosiasiyanın təsisçiləri Azərbaycan, Türkiyə və Qırğızıstandır.
Hərbi statuslu yeni təşkilatın təsisçiləri Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

Bu gün Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının təsis konfransı keçirilib. Trend-in məlumatına görə, assosiasiyanın təsisçiləri Azərbaycan, Türkiyə və Qırğızıstandır.

Təsis konfransında Azərbaycanı daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyəni Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu, Qırğızıstanı Daxili Qoşunların komandanı, polkovnik Sovetbek Arbayev təmsil edib.

Qəbul edilən qərara görə, təşkilatın mərkəzi ofisi Türkiyənin paytaxtı Ankara şəhərində yerləşəcək.

Konfrans çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib.

Konfransdan sonra hər üç ölkənin nümayəndə heyətlərinin rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.

Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüblər.

Onlar, həmçinin Şəhidlər xiyabanına gələrək burada ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını, o cümlədən "Türk Şəhidliyi"ni ziyarət ediblər.

Qeyd edək ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının təsis konfransında Qazaxıstan və Monqolustandan müvafiq qurumların rəhbərlərinin iştirakı gözlənilsə də, müxtəlif səbəblərə görə bu baş tutmayıb.

Xatırladaq ki, Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının təsis edilməsi haqqında niyyət protokolu 2011-ci ildə Türkiyənin paytaxtı Ankarada imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti