Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Prezidenti Pranab Kumar Mukherciyə təbrik məktubu ünvanlayıb.
"Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Hindistan əlaqələri əsrlərdən bəri davam edən xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Pranab Kumar Mukherciyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və rifah arzulayıb.
Dövlətimizin başçısı Avstraliya İttifaqının General-Qubernatoru xanım Kventin Braysa da təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı - Avstraliya günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına sülh və firavanlıq diləyirəm", - təbrikdə bildirilir.