...

Ramil Usubov Pakistan səfiri ilə görüşüb

Siyasət Materials 30 Yanvar 2013 20:27 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı qəbul edib.
Ramil Usubov Pakistan səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İnayat Ullah Kakarı qəbul edib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir strateji müttəfiqlər olan dövlətlərimiz arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, Pakistanın müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini vurğulayıb: "Məhz belə ədalətli və prinsipial mövqenin nəticəsidir ki, Pakistan parlamentinin yuxarı palatası olan Senat Ermənistanı təcavüzkar dövlət, Xocalı faciəsini isə azərbaycanlılara qarşı soyqırım aktı kimi tanıyıb".

Nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. Bu işdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edən Usubov ötən ilin noyabrında İslamabadda keçirilmiş "Narkotiklərlə mübarizə üzrə strategiyalar" adlı regional konfransda iştirakını, Pakistanın dövlət rəhbərləri, o cümlədən daxili işlər naziri Rəhman Maliki ilə görüşlərini məmnunluqla xatırlayıb.

Beynəlxalq terrorçuluqla və narkotiklərlə mübarizə sahəsində Pakistan dövlətinin zəngin təcrübəyə malik olduğunu, bu təcrübədən istifadənin Azərbaycan üçün vacibliyini bildirən Ramil Usubov daha sonra səfirə ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən il də uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandıqlarını diqqətə çatdırıb.

Səfir iki dövlət arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, ölkəmizdə fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti