...

Mübariz Əhmədoğlu: İranın ali dini liderinin səlahiyyətli nümayəndəsinin Azərbaycana səfəri iki ölkənin münasibətində mühüm rol oynaya bilər

Siyasət Materials 25 Fevral 2013 17:55 (UTC +04:00)
İran daxili quruluşu, idarəçilik prinsiplərinə görə kifayət qədər mürəkkəb dövlətdir. Lakin bu faktdır ki, İranın həqiqi sahibi və əsl rəhbəri İranın ali dini lideri Seyid Əli Xamneyidir.
Mübariz Əhmədoğlu: İranın ali dini liderinin səlahiyyətli nümayəndəsinin Azərbaycana səfəri iki ölkənin münasibətində mühüm rol oynaya bilər

Azərbaycan, Bakı, 25 fevral /Trend/

İran daxili quruluşu, idarəçilik prinsiplərinə görə kifayət qədər mürəkkəb dövlətdir. Lakin bu faktdır ki, İranın həqiqi sahibi və əsl rəhbəri İranın ali dini lideri Seyid Əli Xamneyidir. Onun ölkənin idarəçiliyində hansı funksiyaları götürəcəyini, hansı işlərlə məşğul olacağını müəyyənləşdirən heç bir normativ akt və ya başqa sənəd yoxdur. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

O əlavə edib ki, ali dini lider istənilən anda, məsələn, kənd təsərrüfatı işçilərini başına yığıb cari əkinçiliyin problemlərini müzakirə edib göstərişlər verə bilər. İranın idarəçiliyinin mürəkkəbliyi də bax burasındadır. İranın daxili və xarici təhlükəsizliyi və eləcə də siyasəti ilə bağlı müxtəlif qurumlar məşğul olur. Amma İranın Ali Milli Təhlükəsizlik Şurası bu qurumlar içərisində müstəsna səlahiyyətə malikdir. Ən azı ona görə ki, bu struktur birbaşa ali dini liderə tabedir.

"Bizdə olan məlumata görə, İranın Ali Milli Təhlükəsizlik Şurasına rəhbərlik edən şəxs ali dini liderə, əqidəsinə, vəzifəsinə sədaqətli şəxs olmaqla yanaşı, həm də bu vaxtadək heç bir ambisiya nümayiş etdirməyib. Səid Cəlilinin Azərbaycana yolüstü səfərini dəyərləndirərkən yuxarıda sadaladığımız məsələlərə hökmən diqqət verməliyik. Yeri gəlmişkən, S.Cəlilinin rəhbərlik etdiyi struktur təkcə İranın nüvə məsələləri ilə deyil, bütün təhlükəsizlik məsələlərinin koordinasiyası ilə məşğuldur. İranın nüvə problemi ən vacib məsələ olduğu üçün indi Ali Milli Təhlükəsizlik Şurası onunla məşğuldur", - Əhmədoğlu bildirib.

Politoloq qeyd edib ki, S.Cəlilinin Azərbaycan Prezidenti ilə görüşü bütün aspektlərdən müsbət mənada diqqəti çəkir. İran və Azərbaycan münasibətlərində müxtəlif marağı olan dövlətlər bilməlidirlər ki, İran-Azərbaycan münasibətlərində yaradılan problemlər asanlıqla aradan qaldırıla bilər. O anlamda S.Cəlilinin səfərini həm İrandan kənarda, həm də İranın daxilində olan müəyyən qüvvələrə də mesaj kimi başa düşmək olar. S.Cəlili regional təhlükəsizlikdən danışarkən orijinallıq nümayiş etdirmədi. Çünki bu mövzu uzun müddətdir ki, dəbdədir. İran əgər İrandırsa, o zaman İran-Azərbaycan münasibətlərinə nəinki regiondan kənar dövlətlər, hətta region dövlətləri müdaxilə edə bilməzlər: "Bizim digər dövlətlərlə siyasətimiz müstəqil olduğu kimi, İranla da siyasətimiz müstəqildir. Əgər İran Azərbaycanın başqa dövlətlə münasibətinə müdaxilə edibsə, digər dövlətlərin də Azərbaycanın İranla bağlı siyasətinə müdaxilə etməsindən şübhələnə bilər. S.Cəlilinin Azərbaycana səfərinin İran və Azərbaycan mətbuatında işıqlandırılması diqqət çəkir. Azərbaycan tərəfi onun Qarabağ məsələsi ilə bağlı dediyini yerləşdirdi. Hətta Səid Cəlilinin Qarabağ münaqişəsi ilə bağlı dediklərindən əlavə də anlamaq olar ki, o görüşdə İranın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində imzalanması üçün səylərini artıracağını bildirib. İran mətbuatı onun Dağlıq Qarabağ məsələsində dediyi fikirlərə qətiyyən yer ayırmadı. Hər halda İran-Azərbaycan münasibətlərində qarışıqlıq yaratmaq istəyənlərin ünvanını tapmaq üçün yaxşı fürsət yaranıb".

Əhmədoğlu deyib ki, Səid Cəlili İranın ali dini liderinin nümayəndəsidir. Azərbaycana gəldi, ali dini lider adından Azərbaycanla münasibətləri gücləndirmək mesajını verdi. Vaxtilə İran Prezidenti də Azərbaycanla münasibətləri istiləşdirməklə bağlı mesaj vermişdi. İranın daxilində müəyyən qüvvələr antiazərbaycançılığı özləri üçün siyasi və maliyyə resursuna çeviriblər. Həmin qüvvələr İran Prezidentinin müsbət niyyətlərini heçə endirdilər. Hər halda həmin qüvvələrin ali dini liderin müsbət niyyətini heçə endirməyə gücü çatmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti