Azərbaycan, Bakı, 6 mart /Trend/
BMT 20 sülhməramlısının Suriya ilə İsrail sərhəddində yerləşən Holan yüksəkliyində ələ keçirilməsini təsdiqləyib. Trend-in RİA Novostiyə istinadən yaydığı xəbərdə deyilir ki, bunu təşkilatın rəsmisi Eduardo del-Buey hadisə haqqında əlavə məlumat vermədən deyib.
"Təxminən, 20 sülhməramlı Suriya ilə İsrail sərhəddində 30-a yaxın silahlı dəstə tərəfindən saxlanılıb və tutulub" - deyə Eduardo del-Buey əlavə edib.
O, bildirib ki, BMT vəziyyəti araşdırmaq üçün regiona nümayəndələrini göndərib.
Qeyd edək ki, BMT-nin müşahidəçi missiyası 1973-cü ildə başa çatmış Ərəb-İsrail müaribəsinin nəticəsi olaraq, müəyyənləşdirilmiş Suriya ilə İsrail arasındakı bufer zonada yerləşirdi.