...

Mübariz Əhmədoğlu: Van-Yerevan aviareysinin işə düşməsi Ermənistan-Türkiyə sərhədlərinin açılması deməkdir

Siyasət Materials 16 Mart 2013 13:03 (UTC +04:00)
Van-Yerevan aviareysinin işə düşməsi Ermənistan-Türkiyə sərhədlərinin açılması deməkdir.
Mübariz Əhmədoğlu: Van-Yerevan aviareysinin işə düşməsi Ermənistan-Türkiyə sərhədlərinin açılması deməkdir

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İzzət/

Van-Yerevan aviareysinin işə düşməsi Ermənistan-Türkiyə sərhədlərinin açılması deməkdir.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu şənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səbəb olacaq bu addım Türkiyənin Prezidenti, Baş naziri, parlamentin spikeri və digər rəsmilərinin dəfələrlə verdikləri rəsmi bəyanatlar və nümayiş etdirdikləri mövqe ilə daban-dabana ziddir.

"Türkiyə hökumətinin rəsmi icazəsi olmadan heç bir təyyarənin uçuşuna icazə verilə bilməz. Pulunun miqdarından asılı olmayaraq, heç bir sahibkarın səmaya təyyarə qaldırmağa ixtiyarı yoxdur. Bundan əlavə, rəsmi Ankara Van aeroportunda sərhəd keçid məntəqəsi təşkil etmək məcburiyyətindədir. Eləcə də Türiyə Xarici İşlər Nazirliyinin əməkdaşları həmin aeroportda pasport-viza xidmətini təşkil etməlidirlər. Bir daha aydın olur ki, Van-Yerevan aviareysinin açılması Türkiyə rəsmilərinin birbaşa iştirakı ilə reallaşdırılır. Azərbaycanın gözünə kül üfürmək lazım deyil", Əhmədoğlu bildirib.

Politoloq hesab edir ki, Ermənistan Türkiyə-Azərbaycan münasibətlərinə dair nə iş görürsə, əsas hədəf Türkiyə deyil, Türkiyə-Azərbaycan münasibətləri və Azərbaycandır. Van-Yerevan aviareysi Azərbaycan-Türkiyə münasibətlərinə də birbaşa təhdiddir.

"Ermənilər və onların havadarları Azərbaycan-Türkiyə münasibətlərini yenidən sınağa çəkmək istəyirlər. Van-Yerevan aviareysinin iqtisadiyyat və turizmlə qətiyyən əlaqəsi yoxdur - sırf siyasi layihədir. Ermənistanla əməkdaşlıq edən, hətta adı əməkdaşlıqda keçən Türkiyə şirkətlərinin məhsullarının Azərbaycana daxil olmasına qadağa qoyula bilər. Van vilayətinin Azərbaycanla bütün iqtisadi əlaqələrinin kəsilməsi məsələsinin gündəliyə gətirilməsi mümkündür. Van vilayətindən çıxmış iş adamlarının rəhbərlik etdikləri şirkətlərin məhsullarının boykotu başlana bilər. Van vilayətinin Ermənistanla əlaqələrdən qazancı Azərbaycanla əlaqələrin kəsilməsi zamanı itkilərindən daha az olacaq", politoloq qeyd edib.

Bununla yanaşı, mərkəzin deirektorunun fikrincə, Türkiyənin bu məsələdə mövqeyi mütləq dəyişəcək. Çünki bu addım Türkiyə hökumətinin və dövlətinin mövqeyi ilə ziddiyyət təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti