...

Ekmələddin İhsanoğlu: Heydər Əliyev türk dünyasının və islam aləminin XX əsrdə yetişdirdiyi ən böyük liderlərindən biridir

Siyasət Materials 10 May 2013 21:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

Mərhum Heydər Əliyev türk dünyasının və islam aləminin 20-ci əsrdə yetişdirdiyi ən böyük liderlərindən biridir. Trend-in məlumatına görə, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlunun Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi "Mərhum Heydər Əliyevlə bağlı xatirələrim" adlı məqaləsində deyilir.

"Heydər Əliyevin bilinən rəsmi tərcümeyi-halı və onun fövqəladə karyerası hamıya məlumdur. Mən bu barədə çox şey deyə bilmərəm. Ancaq bir lider kimi hələ 1994-cü ildən Azərbaycanın müqəddəratına sahib çıxdığı vaxtdan etibarən onun fəaliyyətini yaxından izləməyə nail oldum. Azərbaycan azadlığa qovuşduqdan sonra çətin vəziyyətlərlə dolu günlərin ərəfəsində onunla müxtəlif tədbirlərdə bərabər oldum və onu yaxından tanımaq fürsətim oldu. Mən o zaman İslam Əməkdaşlıq Təşkilatının İstanbuldakı İslam Tarixi, İncəsənəti və Mədəniyyət üzrə Araşdırmalar Mərkəzinin (İRCİCA) rəhbəri idim və mərhum Heydər Əliyev İstanbulu ziyarət edirdi. Həmin dövrdə Türkiyə hökumətində nazir vəzifəsində çalışan Namik Kamal Zeybəkə zəng edərək Heydər Əliyevin bizim Mərkəzi ziyarət etməsini rica etdim. Heydər Əliyev bu təkliflə həmin an razılaşdı və bizim Mərkəzi ziyarət etmək arzusunda olduğunu bildirdi. O vaxtdan etibarən mərhum Heydər Əliyev ilə yaxından tanışlığımız, işbirliyimiz olmuşdur", - İhsanoğlu yazır.

O qeyd edib ki, Heydər Əliyev Mərkəzimizi 8 may 1997-ci il tarixində, məhz doğum günü ərəfəsində ziyarət etmişdir. Bu ziyarət zamanı güclü şəxsiyyəti, can oxşayan üslubu və fövqəladə hafizəsi ilə hər kəsi heyran etdi.

"O zaman biz İRCİCA-da Azərbaycanla bağlı kitab, xəritə, müxtəlif növ nəşrlər, tarixi fotolar və Azərbaycan ensiklopediyasını sərgilədik. Bütün bu sərgi materiallarının önündə diqqətlə durdu və bir neçə mühüm izahlar verdi. Sonra ensiklopediyada özü ilə əlaqədar səhifəni açdı daha geniş bilgiləri dilə gətirərək yazılmayan qisimləri bəyan etdi. Bu ziyarət əsnasında mərhum Prezidentlə Mərkəzimizin dünyanın bəlli bölgələrində islam mədəniyyət tarixinə dair beynəlxalq toplantılar təşkil etdiyini bildirdim və Qafqazda islam mədəniyyəti və tarixinə dair Azərbaycanda toplantı keçirməyi təklif etdim. Bunu duyunca mərhum Heydər Əliyev "çox yaxşı olar" dedi və bu barədə onun adına məktub yazmağı tövsiyə edərək toplantının keçirilməsi üçün sərəncam verəcəyinə söz verdi. Bununla da Heydər Əliyevin yardımı ilə 1998-ci ilin dekabr ayında Bakı şəhərində Qafqazda İslam Mədəniyyəti və Tarixinə dair Simpozium çox yüksək səviyyədə təşkil olundu. Simpoziumu Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə keçirdik və dünyanın müxtəlif yerlərindən mötəbər alimlər, tanınmış şəxsiyyətlər toplantıda iştirak etdi.

Mənim üçün mühümü Heydər Əliyevin etdiyi çıxış idi. Mərhum Prezident tədbirin proqramına uyğun olaraq kürsüyə çıxdı və əlində heç bir qeydlər olmadan 1 saat çıxış etdi. Bu çıxış başından sonuna qədər gözəl üslubla sıralanmış, heç bir tərəddüd olmadan səlis bir ifadə ilə 60 dəqiqə davam etmişdir. Bu çıxışda Heydər Əliyev islamiyyətin Qafqaza gəlişi, yayılması və dəyişik zamanlarda vəziyyəti barədə yetərli və akademik baxımdan əsaslı məlumat vermişdir", - məqalədə deyilir.

İƏT baş katibi yazır ki, bu çıxışında Heydər Əliyev islamiyyətin Azərbaycan milli mədəniyyətindəki yerini böyük ustalıqla müəyyən edərək onun gələcəkdə də mühüm rolundan danışmışdır. Bu çıxışda, həmçinin islamiyyətin Qafqazda tarixi missiyasına işıq tutmuşdur. Heydər Əliyev islamın tarixinin daha dərindən öyrənilməsi və milli mədəni dəyərlərin daha da inkişaf etdirilməsi üçün öz çıxışında bir neçə təkliflər səsləndirmişdir. Onlardan biri Qafqazda islam sivilizasiyası araşdırmalar mərkəzinin Azərbaycanda təsis edilməsi, digəri isə Azərbaycanda islamşünaslıq elminin inkişaf etdirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və elmi tədqiqat institutları ilə birgə elmi mərkəzlərin yaradılmasıdır. Göründüyü kimi, bu təkliflər islamiyyətin Qafqazda daha da möhkəmləndirilməsi üçün gələcəyə verilmiş bir mesaj idi. Eyni zamanda, Heydər Əliyev öz çıxışında indi də aktual olan bir sıra mühüm məqamlara toxunmuşdur. Onun sözlərinə görə, Avropa ölkələrində, o cümlədən Rusiyada keçmişdə də, indi də bəzi tədqiqatçılar islam mədəniyyətinə, islam dininə subyektiv hissiyyatlar nöqteyi-nəzərindən baxırlar və bu cür yanaşmalar qəbuledilməzdir.

"Onun çıxışındakı başqa bir mühüm məqam isə Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır ifadəsidir. Bununla bağlı daha sonra vurğulamışdır ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda dinin, o cümlədən islam dininin nə qədər dərin kökləri olduğunu daha da çox dərk edə bilmişdir. Qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologiyası 70 il yox, 170 il də hökm sürmüş olsaydı, insanları islam dinindən ayırmaq mümkün olmayacaqdı. Heydər Əliyevin çıxışındakı digər mühüm məqamlardan biri isə Azərbaycanı öz coğrafi vəziyyətinə əsasən Qərb sivilizasiyası ilə Şərq sivilizasiyası - həm coğrafi, həm də məzmun, mənəvi nöqteyi-nəzərdən - birləşdirən bir ölkə adlandırmasıdır. Onun sözlərinə görə, Şərqlə Qərbi, Avropa ilə Asiyanı, islam aləmi ilə xristian aləmini birləşdirən Azərbaycan müstəqil dövlətdir və bundan sonra da müstəqil dövlət kimi yaşayacaqdır.

Daha sonra Heydər Əliyevlə müxtəlif mərasimlərdə, tədbirlərdə bir yerdə olmaq imkanım onun fövqəladə və güclü şəxsiyyətini bir daha kəşf etməyə imkan verdi. 1997-ci və 1998-ci illərdə təsis etdiyimiz yaxın dostluq əlaqələrimiz sonradan Azərbaycanın islam aləmi ilə əlaqələr qurmasına şərait yaratmışdır. Onun rəhmətə getməsindən 2 il sonra mən 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçildim və bu tarixdən sonra Azərbaycan islam aləmi ilə aktiv dostluq münasibətlərini davam etdirdi. 2006-ci ilin iyun ayında Bakıda İƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirildi. Sonrakı illərdə Azərbaycan İƏT-in turizm nazirləri, mədəniyyət nazirləri, ali təhsil nazirləri və nəhayət 15 gün öncə əmək nazirləri konfransına ev sahibliyi etmişdir. İslam dünyası və İƏT Azərbaycanın haqqını hər zaman müdafiə edir və bundan sonra da edəcəkdir. Böyük insanın əziz xatirəsi önündə onu sayqı ilə və rəhmətlə anıram. Məkanı cənnət olsun!" - İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu məqaləsində qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti