Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/
Macarıstan parlamentində "Böyuk İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevlə Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupu arasında görüş keçirilib.
İttifaqdan Trend-ə verilən məlumata görə, görüşdə dostluq qrupunun rəhbəri Dyöndöşi Marton və deputatlar Horvat Yanoş Hegedüs Tamas iştriak ediblər.
Azərbaycan-Macarıstan dostluq qrupunun rəhbəri Dyöndöşi Marton görüşdə Şərq ölkələri ilə əməkdaşlığın bütün sahələrdə vacib olduğunu qeyd edib.
Fuad Muradov Macarıstan hökumətinin Azərbaycanla münasibətlərə önəm verdiyini qeyd edərək ölkəmizin üzləşdiyi haqsızlıqlar, ərazi bütövlüyünün pozulması ilə bağlı problemdə rəsmi Budapeştin Bakıya dəstəyini xüsusi vurğulayıb. Deputat iki ölkə arasında əlaqələri çox yüksək qiymətləndirərək may ayının 9-da Şuşa və Dyöndöş şəhərlərinin "qardaşlaşmış şəhər" elan olunmasına diqqət çəkib. Milli Məclisin üzvü Azərbaycan üçün ağır bir gündə bu qərarın verilməsinə görə təşəkkür edib.
Macarıstan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin üzvü Harvat Yanoş Azərbaycan və Macarıstanı birləşdirən tarixi köklərdən danışıb. Macar deputat iki ölkə arasında münasibətlərin əhəmiyyətini qeyd edərək bu əlaqələrin möhkəmləndirilməsinin vacibliyini bildirib. Harvat qədim "İpək Yolu" kimi dərin tarixi köklərə malik ticarət və mədəniyyət əlaqələndiricisi olan konsepsiyanın 21-ci əsrdə gənclər tərəfindən yenidən gündəmə gətirilməsini yaxşı ideya kimi qiymətləndirib. Macar deputat bu prosesdə Azərbaycanın gördüyü işləri və göstərilən diqqəti yüksək qiymətləndirərək Macarıstanın səmimi olaraq bu ideyaya dəstək verdiyini vurğulayıb.