...

Bakıda İraqın Kütləvi Məzarlıqlar Günü ilə bağlı tədbir keçirilib

Siyasət Materials 23 May 2013 22:22 (UTC +04:00)
Bu gün İraqın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin Kütləvi Məzarlıqlar - Milli Şəhidlər Gününə həsr olunmuş tədbir keçirilib.
Bakıda İraqın Kütləvi Məzarlıqlar Günü ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün İraqın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin Kütləvi Məzarlıqlar - Milli Şəhidlər Gününə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak çıxış edərək İraq xalqına qarşı törədilmiş cinayətlərdən danışıb: "Bu gün yeni, demokratik İraqın təsis olunmasında şəhidlərin, verilmiş qurbanların canları, qanları çox böyük rol oynayıb. İraq xalqına qarşı törədilmiş qeyri-insani cinayətləri və çox ciddi qanun pozuntularını açıq-aydın soyqırım kimi qiymətləndirmək olar".

Səfir vurğulayıb ki, 2003-cü ildə İraqda diktator rejiminin süqutundan, 2004-cü ildə İnsan Hüquqları Nazirliyinin təsis olunmasından sonra bir çox kütləvi qətllərlə bağlı cinayətlərin üstü açılaraq onların arxivləşdirilməsi və sənədləşdirilməsi işləri aparılıb: "2006-cı ildə qəbul olunmuş "Kütləvi məzarlıqların qorunması haqqında" qanuna əsasən, İnsan Hüquqları Nazirliyi İraqda elmi tədqiqatlar aparıb və bir sıra nailiyyətlər əldə edib".

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan xalqı və Prezidenti İlham Əliyev adından İraq xalqına dərin hüznlə başsağlığı verib.

Abbasov Kütləvi məzarlıqlar gününü İraq xalqının yaddaşında əbədi həkk olunmuş bir tarix kimi dəyərləndirib: "Onlar öz həyatlarını İraqın gələcək nəsillərinin xoşbəxtliyi naminə qurban veriblər".

İki xalq arasında mövcud tarixi əlaqələrdən danışan nazir bildirib ki, Azərbaycan İraqın apardığı mübarizəni dəstəkləyir və İraqın ən ağır günlərində hər zaman yanındadır.

Azərbaycan xalqının həyatında da bənzər hadisələrin baş verdiyini diqqətə çatdıran Əli Abbasov bu səbəbdən İraqda qətlə yetirilmiş insanların xatirəsinin xalqımız üçün əziz olduğunu vurğulayıb.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Sonda İraqda törədilmiş cinayətlərdən bəhs edən film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti